Son iki ayda Suraxanıda narkotik satan 60 nəfər SAXLANILDI - VİDEO
    • 24-04-2023, 14:07
    • 209

Son iki ayda Suraxanıda narkotik satan 60 nəfər SAXLANILDI - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Hövsan, Yeni Günəşli, Yeni Suraxanı və Əmircan qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 7 nəfər – Seymur Rəşidov, Xəyal Sultanov, İbrahim İbrahimov, Rəşad Məmmədov, Namin Bədəlov, Səməndər Şükürov və Mikayıl Süleymanov saxlanılıblar.

DİN-dən News24.az-ya verilən xəbərə görə, həmin şəxslərdən ümumilikdə 10 kiloqramdan çox heroin, marixuana və metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Qeyd edək ki, Suraxanı rayonunda cari ilin mart və aprel aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 60 nəfər saxlanılıb. Onlar barəsində İdarənin İstintaq Şöbəsində araşdırmalar aparılır.

Həmin dövrdə Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan daha 2 nəfər də tutularaq istintaqa cəlb edilib.

Onlardan 2 ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar edilib.

Suraxanı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanunazidd əməllərə yol verən şəxslərin saxlanılmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.