Diqqət-diqqət, göstərir Bakı - 14 fevral Azərbaycan Televiziyasının yarandığı gündür - FOTO
    • 14-02-2019, 11:03
    • 990

Diqqət-diqqət, göstərir Bakı - 14 fevral Azərbaycan Televiziyasının yarandığı gündür - FOTO

1956-cı ilin 14 fevralında  Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başladı. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirdi...  

O gün, bu gün həyatımızı televiziyasız təsəvvür edə bilmirik. Efirə ərsəyə gələn hər bir verilişdə, hər bir videosüjetdə böyük yaradıcı kollektivin əməyi var.
Bu aləmdə “mən” anlayışı yoxdur, biz varıq. 63 illiyini qeyd etdiyimiz ailənin üzvləri. Özü də yaradıcı ailənin. 63 il ərzində çox yeniliklər olub özümüzə doğma bildiyimizi evimizdə. Böyümüşük, dəyişmişik, inkişaf etmişik.
Buranı arı yuvasına da bənzətmək olar. Asan gəlməsin. Efirdə gün ərzində 10-a yaxın xəbər buraxılışı yayımlanır və hər saatda infomasiya yenilənməlidir.
Burda vaxt qızıla bərabərdir. Günün istənilən saatında doğma televiziyada həyat qaynayır. Xəbər adamları bəzən zamanın necə keçdiyini belə hiss etmirlər. Çünki, hər dəqiqənin öz hökmü var. Hazırlanan videomateriallar isə ölkə gündəmindəki ən mühüm mövuzları əhatə edir. 
Beləcə bu yaradıcı ailə hər ötən gün gəncləşir. Gənclər isə sabahın peşəkarlarına çevrilir. Yeniliklər də çoxdur. “Xəbərlər”in nəzdində “Mobil qrup” yaranıb. Bu komandanın missiyası əsasən xüsusi reportajlar hazırlamaqdır. 2016-cı ildən isə hər gün saat 19-da “Region Xəbərləri” efirdədir. 
Televiziyanın analitik proqramları da kifayət qədərdir. Son günlər tamaşaçılarla görüşə daha bir yeni tok-şou ilə qonaq gəlirik. Maraqlı mövzularla “Nəsillərin debatı”nda nəsilləri qarşılaşdırılır.
Peşəkarların yetişməsi üçün isə Azərbaycan Teleradiosunun imkanları genişdir. Studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları... Prezident İlham Əliyevin birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.
Səhər-musiqi informasiya proqramı isə televiziyanın ən uzunömürlü verilişilərindəndir. Düz 30 ilə yaxındır ki, tamaşaçılar sabahlarını bu verlişlə açırlar. Səhərin bir-birindən maraqlı qonaqları, şən əhval-ruhiyyəli aparıcıları, müxtəlif mövzulara həsr olunan süjetlər, canlı musiqi...
Azərbaycan Televiziyasındakı dəyişikliklər, həm də verilişlərin məzmun və formatında özünü büruzə verir, yaradıcılıq imkanlarını artırır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında televiziyamızın müstəsna xidmətləri var.
2009-cu il fevralın 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrildi.
2010-cu ildə isə Azərbaycan Televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəldi. İndi “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır... Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlü musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib.
Teleradionun inkişafına, onun maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə hər zaman xüsusi diqqət göstərən ümummilli lider Heydər Əliyev onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirirdi. Ulu öndər bu mötəbər tribunada çalışanlara - teleradio işçilərinə böyük qayğı ilə yanaşırdı.
Teleradionun kollektivi bu gün də ölkə başçısı  İlham Əliyev tərəfindən  həmin qayğını hiss edir. Son illər Teleradionun həyatında baş verənlər də elə bu qayğının nəticəsidir... İndi bu sərvət müasirliyi özündə ehtiva edən, 3 peyklə dünyaya yayımlanaraq yüksək "əyarlı" peşəkar telekanala çevrilərək ən son texniki standartlara tam uyğunlaşıb...

//AzTV