Daha bir mal bazarı fəaliyyətini bərpa etdi

Daha bir mal bazarı fəaliyyətini bərpa etdi Sosial

Bərdə Mal Bazarının fəaliyyəti bərpa edilib.

News24.az xəbər verir ki, oktyabrın 24-dən fəaliyyəti dayandırılan ölkənin ən böyük heyvan bazarlarından olan Bərdə Mal Bazarı bu gündən fəaliyyətini bərpa edib.

Bu gündən etibarən Bərdə rayonu da daxil olmaqla 14 rayonda heyvandarlıqla məşğul olan fermerlər rahatlıqla iri və xırdabuynuzlu mallarını burada sata biləcəklər.

Müasir tələblərə uyğun yenidən qurulan bazarda 1800 başa qədər iribuynuzlu, 2600 başa qədər xırdabuynuzlu heyvanların alqı-satqısı üçün lazimi şərait yaradılıb, bazarın giriş qapısında xüsusi dezbaryerlər yaradılıb: "Xəstə heyvanlar bazara buraxılmır. Bazar ətrafında müxtəlif iaşə obyektləri də öz fəaliyyətini bərpa edib".

Qeyd edək ki, cari ilin 24 oktyabrında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Daxili İşlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin və Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. Monitorinq zamanı heyvanların saxlanma şəraiti, ticarət prosesi, baytarlıq nəzarətinin təşkili, eləcə də dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin icra vəziyyəti qiymətləndirilib. Baxış zamanı heyvan sağlamlığına dair bir sıra tələblərin pozulduğu aşkarlanıb. (Teleqraf.az)