"Yenə nəvəm olsa, şəhidlərimizin adını verəcəm" — News24.az dördəmlərin EVİNDƏ
    • 4-05-2023, 17:28
    • 4 112

"Yenə nəvəm olsa, şəhidlərimizin adını verəcəm" — News24.az dördəmlərin EVİNDƏ

"Ailə qurandan sonra bir qızımız doğuldu. Sonra 7 il uşağımız olmadı. Nəhayət, illər sonra dörd balamız dünyaya gəldi" .

Bunu dördəmlərin anası Aygün Məmmədova News24.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, dördəmlərin biri qız, üçü oğlandır. 

Körpələrə Heydər, İlham, Mehriban və Ərdoğan adılarını isə babaları Ramiz Məmmədov verib.

Dördəmlərin babası bildirib ki, bu adları nəvələrinə böyük sevgi və qürurla verib: "Uşaqlara bu adların qoyulmasını mən təklif etdim. Valideynləri də razılaşdılar. Nəvələrimə bu adlardan yaxşı ad tapmayacaqdıq ki?! O insanların bizim 30 illik işğal altında olan torpaqlarımızın azad olunmasında müstəsna rolları olub. Ərdoğan adı məsələsinə gəlincə, o da türkdür, biz də türkük. Burada qəbahət bir şey görmürəm.

Bundan sonra nəvələrim olsa, şəhidlərimizin adlarını qoyacağıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin".

Qumral ƏLİYEVA