Vahid Mustafayev: “ANS Azərbaycanın müstəqilliyindən 8 ay böyükdür"
    • 15-02-2019, 12:54
    • 1 154

Vahid Mustafayev: “ANS Azərbaycanın müstəqilliyindən 8 ay böyükdür"

Bir müddət əvvəl fəaliyyəti qadağan edilən APA-nın başqa bir adla yenidən qayıdışı ANS telekanalı ilə bağlı da məsələni gündəmə gətirib.

Son zamanlar hakimiyyətin daxili siyasətdə yumşalma meyillərini şərh edən ekspertlər istər media, istərsə də insan hüquqlarına münasibətin dəyişəcəyini proqnozlaşdırır.
Artıq bir sıra ictimai xadimlər sosial şəbəkələrdə hakimiyyətin ANS-in fəaliyyətinə qoyduğu qadağanı götürəcəyinə dair ümidlərini ifadə edir.

ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev açıqlamasında bildirib ki, telekanalın bərpası məsələsi hər zaman gündəmdə olub: 

“Biz bu istəyimizdən heç zaman  keçməmişik. Dəfələrlə bəyan etmişik ki, biz bu dövlətin əsgəriyik. Nə zaman istəsəllər xidmətə hazırıq. ANS Azərbaycan xalqına şərəflə xidmət edib”. 

ANS-in fəaliyyətinin bərpasının mümkün olub-olmayacağını V. Mustafayev belə şərh edib: 

“Biz zamanında müraciətlər etmişik. İstər ölkə rəhbərliyinə, istərsə də hüquqi instansiyalara qədər getmişik. Bu gün isə qərar vermək bizim işimiz deyil. Ancaq xalqımız da yaxşı dərk edir ki, Azərbaycana ANS lazımdır. Bu gün ANS-in yeri görünür. Biz fəaliyyətə tam hazırıq. 8 ölkədə bürolarımız olub. Regionlarda 12 büromuz fəaliyyət göstərib. Komandamızla, texniki bazamızla yayıma tam hazırıq”.

ANS-n başqa adla qayıdışının mümkünlüyünə gəlincə, Vahid Mustafayev deyir ki, belə bir niyyətləri yoxdur: “ANS Azərbaycanın müstəqilliyindən 8 ay böyükdür. Biz sovetlərdə imperiyanın zəncirlərini qıran ilk televiziya olmuşuq. ANS-in şərəfli tarixi var. Ondan imtina etmək imkansızdır. ANS Azərbaycana lazımdır. Bunun zərurətini hamımız görürük”.

//GununsesiOrg