Brüssel görüşündən sonra müharibə olacaq? – O masada Makron varsa... - ŞOK DETALLAR
    • 9-05-2023, 16:31
    • 665

Brüssel görüşündən sonra müharibə olacaq? – O masada Makron varsa... - ŞOK DETALLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan mayın 14-də Brüsseldə görüşəcək. Danışıqlar Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə aparılacaq. İlham Əliyev və Nikol Paşinyan Brüsseldən sonra Avropa İttifaqının toplantısı çərçivəsində iyunun 1-də Kişinyovda görüşəcəklər.

Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan liderlərinin Brüssel və Kişinyovda planlaşdırılan görüşü sülh sazişini gündəmə gətirib. Lakin rəsmi İrəvanın açıqlamaları bu gözləntini azaldır. 

News24.az-ın məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sülh sazişi üzrə şərtlərini yenidən elan edib. Bura Ermənistanın “29,8 min kvadratkilometr ərazisi”nin toxunulmazlığı, “Bakı-Xankəndi formatı”nın beynəlxalq mexanizmlərlə yaradılması, Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinə beynəlxalq təminatın verilməsi daxildir: “Bu məsələlərdə fikir ayrılığı var. 10 noyabr razılaşmasının müddəalarına əməl olunmasını təmin etmək mümkün deyil. Azərbaycanın Laçın yoluna post qurmasından sonra bu, arxa plana keçib, ona görə beynəlxalq təminatın yaradılması bizim üçün vacibdir, bunun köməyi ilə bütün məsələləri həll edəcəyik”.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Vaşinqton estafeti Brüsselə verib: “Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə bu həftənin sonunda Belçika paytaxtında görüşəcək. Əslində bu görüş ötən ilin dekabrında olmalı idi, Fransa prezidenti Emmanuel Makron işi pozdu. Makron görüşə qatılmaq istədi. Azərbaycan Prezidenti Makronun ermənipərəst açıqlamalarına görə dördlü görüşdən imtina etdi”. 

E.Şahinoğlu Armen Qriqoryanın açıqlaması ilə bağlı isə bunları qeyd edib: “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın erməni mediasına verdiyi açıqlamaya görə, Kişinyovdakı görüşə Emmanel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaqlar. Rəsmi Bakı bu xəbəri hələ təsdiq etməyib. Əgər xəbər doğrudursa, Almaniya kanslerinin görüşə qatılması rəsmi Bakının təklifinə oxşayır. Fransa prezidenti israrla görüşdə iştirak etmək istəyirsə və Avropa İttifaqının rəhbəri Şarl Mişel buna etiraz edə bilmirsə, məsələlərə nisbətən neytral mövqedən yanaşan Almaniyanın qatılması alternativ variantlardan biridir. Əlbəttə, Azərbaycanın Avropada Polşa və Macarıstan kimi strateji tərəfdaşları var, bu ölkələrdən birinin liderinin Makronla yanaşı oturması bizim üçün daha faydalı olardı. Ancaq Almaniya Avropa İttifaqının lokomotivlərindən biridir və masada Makron varsa, yanında Olaf Şolts oturmalıdır. Ancaq beşli – İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel, Emmanuel Makron və Olaf Şolts formatında keçiriləcək görüşdən nəticə gözləməyə dəyməz. Ən yaxşısı tərəflər arasında birbaşa dialoqdur ki, Nikol Paşinyan bundan yayınır”.

Turan