Qarabağda ermənilər bu kilsəni məhv edib
    • 11-05-2023, 13:46
    • 361

Qarabağda ermənilər bu kilsəni məhv edib

44 günlük müharibədən sonra azad edilən torpaqlarımızda ermənilərin Azərbaycan tarixinin bütün dövrlərinə aid abidələri və mədəni dəyərləri məhv etməsinin bir daha şahidi olduq, gözümüzlə gördük. Nəinki islam-türk abidələri, Alban (Ağvan) dövrünə aid bütün abidələri erməniləşdirməyə cəhd faktları üzə çıxdı, erməniləşdirməyə nail olmadıqlarını isə ya dağıdıblar, ya da nəzarətsiz qoyub, içində min oyunlardan çıxıblar. İndi isə dünya mediasında yalandan hay-küy qaldırırlar ki, azərbaycanlılar "erməni kilsələri"ni dağıdır.

News24.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

O bildirib ki, Alban dövrünə aid bütün tarixi yazılar və mənbələr elə abidələrin özündədir:

"Ermənilər iddia edirlər ki, guya Qarabağda olan kilsələr "onlara aiddir". Bəs, özlərini "ilk xristian" hesab edən ermənilər Tuğ kəndində olan bu qədim Qtiçavank kilsəsini niyə bu günə salıblar? Məgər xristian dininin "ilk daşıyıcsı" olan "xalq" belə edə bilərdimi?

Çünki bu kilsənin Alban (Ağvan) dövrünə aid olmaqla yanaşı, freskası, memarlıq üslubu, üzərində olmuş yazılar, xaç nümunələri və şairlərin türklərə məxsus olduğunu bilirlər. Dəyişmək gücündə olmadıqları üçün onu bu günə salıblar.

Bu kilsənin guya 13-cü əsrə olduğunu iddia edirlər. Axı, 13-cü əsrdə bu regionda türk dövlətləri, türk xalqı və ən əsası da islam dini var idi. Belə bir dövrdə, belə bir mühitdə bu cür kilsəni burda yaşamayan ermənilər necə tikə bilərdi?"

Alim bildirib ki, 9-cu əsrdən qaynaqlarda "Tuğ piri" kimi adı keçən Qtiçavank kilsəsinin memarlıq üslubu Xudavəng, Kiş və Yeddi kilsə Alban abidələri ilə eynilik təşkil edir:

"Eyni üslub, eyni freska, eyni cür tikiliş, eyni cür mehrab, eyni cür yazılar...

2017-ci ildə qondarma rejim bu kilsə ətrafında arxeoloji qazıntılar aparıb. Nəticə ermənilər üçün şok idi. Üzə çıxan bütün yazılar, damğa və simvollar, işarələr Ağvan-türk mədəniyyətinə aid idi.

Arxeoloji qazıntılar zamanı məlum oldu ki, kilsənin sovet dövründə daşla tikilmiş, sonra isə sement-qum suvağı ilə örtülmüş başqa bir girişi var. Söküləndən sonra məlum olub ki, giriş tağlı olub. Kilsənin şimal divarı və həyəti torpaq qala ilə örtülmüşdür. 20-dən çox məzar daşı aşkar edilmişdir, hamısı yaxşı vəziyyətdədir və görünən ornamentlər türk mədəniyyətinin bir parçası idi.

Bu məlumat İrəvana verilir və ondan sonra arxeoloji maddi nümunə, qəbir və yazılar, kilsə gördüyünüz vəziyyətə salınır.

Qtiçavank kilsəsinin tarixi tam dəqiq olmasa da, memarlıq xüsusiyyətlərinə görə eramızın 2-3 əsrinə aiddir. Kilsə ölçüsü 13x22 metr olan bazilikadır. O, düzbucaqlı formaya malikdir, tonozu dörd dirəklə dəstəklənir. Divarların hörgü işində həm yonma, həm də yarımyonma bloklardan istifadə edilmişdir. Sırf Alban memarlığına aiddir. Eyni zamanda türk nəfəsi ilə tikilib. Üzərində həmçinin tenqriçik ornamentləri də olub.

Kilsə eyni zamanda bir müdaifə qalası rolunu oynayıb. Çünki onun bir tərəfi daş qayaya söykənib.

1136-cı ildə zəlzələ nəticəsində kilsə dağılır, iki yerə bölünür. 13-cü əsrdə yenidən bərpa edilir, amma memarlıq üslubu xətalı olur. 1736-cı ildə Qarabağ məlikləri buranı yenidən təmir edirlər. Rusiyanın işğalından sonra, digər Alban abidləri kimi, bura köçürülən ermənilər tərəfindən kilsənin mənimsənilməsi baş verir.

Sovet işğalı dövründə bura mədəniyyət mərkəzi olur. Erməni işğalı dövründə isə gördüyünüz şəkilə salınır"./milli.az/