Bakıda tıxac BELƏ YARANIR - NİİM VİDEO yaydı
    • 19-05-2023, 11:20
    • 299

Bakıda tıxac BELƏ YARANIR - NİİM VİDEO yaydı

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt ərazisində nəqliyyatın hərəkətinin optimallaşdırılması məqsədilə araşdırma apararkən müşahidə kameralarının görüntülərindən məlum olub ki, yollarda hərəkətin ləngiməsinə səbəb olan hallardan biri də bəzi sürücülərin məsuliyyətsizliyidir.

News24.az xəbər verir ki, bu barədə NİİM-dən məlum verilib.

Bildirilib ki, təhlillər zamanı ötən ay ərzində Heydər Əliyev prospektindən mərkəz istiqamətinə və Ziya Bünyadov prospektindən “20 Yanvar” metro stansiyası istiqamətinə ümumilikdə 5 milyondan artıq nəqliyyat vasitəsinin hərəkətdə olduğu müəyyən edilib. Orta hərəkət sürəti yollardakı vəziyyətdən asılı olaraq 40-70 km/saat olub. Təkcə aprel ayı ərzində Heydər Əliyev prospektində 21 nasaz avtomobil, 16 qəza, Ziya Bünyadov prospektində isə 62 nasaz avtomobil, 61 qəza kameralar vasitəsilə qeydə alınıb:

“Sürücülərin texniki nasaz vəziyyətdə olan avtomobillə yola çıxması, xüsusilə də hərəkətin intensiv olduğu küçələrdə bir nəqliyyat vasitəsinin nasazlıq səbəbindən yolda qalması zolaqlardan birinin tutulmasına və nəticədə həmin istiqamətdə sıxlığın yaranmasına səbəb olur. Bununla yanaşı, bəzi hallarda sürücülərin avtomobil idarə edərkən ara məsafəsinə düzgün əməl etməməsi, sürət həddini aşması, manevr etmə qaydasını pozması və ya diqqətsizliyi nəticəsində yol-nəqliyyat hadisələri baş verir ki, bunlar da öz növbəsində yollarda sıxlıq və tıxacın yaranmasına gətirib çıxarır.

Yollarda rahat və təhlükəsiz hərəkətin bu kimi amillərdən də asılı olduğunu nəzərə alaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri məsuliyyətli olmaqla nəqliyyat vasitəsinin texniki sazlığını daim diqqətdə saxlamağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır”./avtosfer.az