"Drakon"un vəkili və zərərçəkmiş şəxs danışdı:
    • 19-05-2023, 13:56
    • 336

"Drakon"un vəkili və zərərçəkmiş şəxs danışdı: "Dedim ki..."

Xəbər verdiyimiz kimi, ötən gün "Drakon" ləqəbli aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.

News24.az xəbər verir ki, Rza Rzayevin vəkili Səlahəddin Cəfərov Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

“Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə Rza Rzayev iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. Təqsirləndirilən və zərəçəkmiş şəxslərin şikayətini araşdıran məhkəmə belə bir qənaətə gəldi ki, törədilmiş cinayət hadisəsi qanunla sübut olunur. Bu cinayət işi 2018-ci ilin noyabrından başlayıb və zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxıldı. 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsində iş gedirdi. Müdafiə tərəfi olaraq hesab edirik ki, məhkəmənin qərarını əsassızdır və biz Ali Məhkəməyə müraciət edəcəyik”.

Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyev saytımıza açıqlamasında deyib ki, Rza Rzayevin onun haqqında bildirdiyi fikirlərin heç biri həqiqətə uyğun deyil: “Dəfələrlə onun dostları, qohumları vasitəsilə cəhd etdim ki, oturub məsələni aydınlaşdıraq. O isə mənim təşəbbüsümü qorxaqlıq kimi dəyərləndirdi. Bu səbəbdən təşəbbüsdən vaz keçdim.

Düşünürdüm ki, ola bilər, insandır, səhv məlumat alıb, sonra gördümi, yox, burada əsas məsələ qərəzdir. Bütün bunlar bir tərəfə, mənə ən çox təsir edən vəfat etmiş anamın və balaca qızımın təhqir olunması idi. O hər şeyi “Facebook” profilində yazırdı və ləyaqətimi alçaldırdı.

Yeri gəlmişkən onu da deyim ki, təhqirlərə də dair məhkəmə qərarı var, məndən üzr istəməlidir. Üzr istəməmək üçün “Facebook” profilini bağladı.

O ki qaldı qarşı tərəfin Ali Məhkəməyə müraciət etməsinə, bu, gözləniləndir. Bakı Apellyasiya Məhkəməsinə də onlar müraciət etmişdişdilər, çünki şərti cəza ilə də razı deyildilər. Bakı Apellyasiya Məhkəməsi isə əlavə istintaqla onu həbs etdi.

Nizami Rayon Məhkəməsi onu şərti azadlığa buraxanda 70-ci maddəyə əsaslanıb qərar vermişdi ki, vətənpərvərliyin təbliği ilə məşğul olub və sair. İki kinoya çəkilməklə vətənpərvər olduğunu qeyd edilib. Mənim qardaşım isə Qarabağ qazisidir.

İftiralarla bağlı hamının suallarını cavablandırmağa hazıram. Amma hamıya da tək bir sualım var, təsəvvür etsək ki, Rza bəyin etdikləri düzdür, o zaman mən və ailə üzvlərim təhqir edilməli idi? Halbuki hüquqi mübarizə yolu var. Necə ki mən həmin yolu tutdum, dava-dalaşa qoşulmadım. Onun təhqirlərinə də layiqli cavabı hüquqi müstəvidə verdim”.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi Rza Rzayev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Rza Rzayev Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilib. Hadisə 2018-ci il yanvar ayının 29-da 220-saylı məktəb-liseydə baş verib.