ABŞ-da oğlu ilə birgə vəhşicəsinə döyülən Əhməd Obalı KİMDİR?
    • 22-05-2023, 14:59
    • 220

ABŞ-da oğlu ilə birgə vəhşicəsinə döyülən Əhməd Obalı KİMDİR?

19 yaşında həbs edildi, qarajda yaşayıb, Romada qəzet satdı, ofisiantlıqdan televiziya rəhbərinə qədər yüksəldi...

Xəbər verdiyimiz kimi, Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb. Hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra baş verib.

Bəs Əhməd Obalı kimdir?

Əhməd Obalı gənc yaşlarında İrandakı mövcud rejimə qarşı olan siyasi baxışına və fəaliyyətinə görə təzyiqlərə məruz qalmış və bu səbəbdən İrandan Türkiyəyə, oradan Avropaya və daha sonra ABŞ-a mühacirət edib.

O, 1961-ci il aprelin 1-də Meşkinşəhrdə, fermer ailəsində dünyaya göz açıb. Orta təhsilini Meşkinşəhrdə alan Əhməd Obalı gənc yaşlarından şah rejiminə qarşı olan etiraz aksiyalarında iştirak edib, tələbə hərəkatlarına qoşulub.

İranda şah devrildikdən sonra yeni gələn siyasi-islamçı hökumətə qarşı da siyasi aktivizmini davam etdirən Obalı 19 yaşında həbs edilib. Ailəsi 53 gün sonra həm təzminat qarşılığında, həm də xəstə anasını görməsi üçün onu həbsdən azad edə bilib. Lakin idarəçilik ölkədən qaçacağı təqdirdə, Obalının qardaşını həbs edəcəyini bildirmişdi. Buna baxmayaraq, o və qardaşı 1982-ci ildə böyük çətinliklərlə Türkiyəyə qaça bilmişdi. Qardaşı 1985-ci ildə İrana qayıdır, özü isə qatarla Belqrada, buradan təyyarə ilə Stokholma gedib. Ancaq Stokholmda hava limanında sənədləri yoxlanılarkən, pasportunun vizasız olduğu üzə çıxıb. Nəticədə İsveç polisi onu Yuqoslaviyaya deportasiya etməyə qərar verir. Belqrada deportasiya edilən Obalı burada UNHCR ilə əlaqə yaradaraq, 10 ay Belqradda yaşayıb.

Təşkilat vasitəsilə Romaya köçən Əhməd Obalı burada qəzet sataraq 1 il yaşayıb və nəhayət, ABŞ-yə köçmək üçün lazım olan sənədləri əldə edib. 26 noyabr 1985-ci ildə 24 yaşında Kaliforniya ştatının San-Dieqo şəhərinə gəlib. Burada katolik xeyriyyə cəmiyyətlərinin köməyi ilə günlük işlər tapır. Bir evin qarajında yaşayan Obalı “green card” qazanır və 1986-cı ilin martında qohumları ilə birlikdə Çikaqo ştatına gəlir, burada ofisiant, ərzaq və qida meneceri kimi işləyib.

Maaşından qənaət etdiyi pullarla imtahana girib, İllinoys Universiteti film araşdırmaları sahəsində bakalavr təhsili alıb. Bir neçə il sonra ABŞ vətəndaşı olan Əhməd Obalı rəsmi sənədlərdə olan fars mənşəli Sadat soyadını Obalıya dəyişib.

Obalı 1998-ci ildə Dünya Azərbaycanlıları Konqresinin ikinci qurultayına təşkilatçılıq edib və konqresin idarə heyətinə seçilib.

2004-cü ildə isə Güney Azərbaycan Televiziyasını (GünAz TV) təsis edib. 2007-ci ildə kanalın Azərbaycan bürosu fəaliyyət göstərməyə başlayıb. Bundan sonra televiziyanın Almaniya, Hollandiya və Kanadada yerli bürolar yaradılıb./musavat.com/