Bakıda bəzi şadlıq evləri bağlanacaq - Restoran sektorunu çətin günlər gözləyir
    • 24-05-2023, 12:02
    • 240

Bakıda bəzi şadlıq evləri bağlanacaq - Restoran sektorunu çətin günlər gözləyir

Postpandemiya dövrünün Azərbaycanın toy bazarında restoranlara olan təlabatın azaldığı ilə bağlı fikirlər dolaşır.

News24.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in əməkdaşı bir neçə restorandan hazırda vəziyyətin necə olduğunu öyrənib.

Restoranlardan verilən məlumata görə, yayılan söhbətlər həqiqəti əks etdirir.

Belə ki, toyların sayı kəskin azalıb. Biz düşünürdük ki, pandemiyayay görə tətbiq edilən qadağalardan sonra toyların sayında artım olar. Lakin belə olmadı. İnsanlar artıq əvvəlki kimi dəbdəbəli toy keçirtməyə maraq göstərmir. Pandemiyadan insanların toy adətlərinə çox təsiri olub.

Əvvəllər ayda 25-30 toy olurdusa hazırda 10-15 toy olur. Toya çağırılan qonaqların sayında da azalma var. Əvvəllər 400-500 nəfərlik toylar indi 200 nəfərlə keçirilir. Hazırda 100-150 nəfərlik toy edənlər artıb. Qonaq sayı az olan toylar restoranlar üçün sərfəli deyil. Bundan başqa hazırda qız-oğlan toyunu bir edir. Bu da toy sayına təsir edən səbəblərdən biridir. Son vaxtlar restoranlarda menyuların qiymətində 20%-ə qədər bahalaşma var. Bu da toy sahibinə çoxlu qonaq çağırmağa əngəl olur. Biz ilk vaxt fikirləşirdik Ramazan və Məhərrəmlik ayında toy olmadığından vəziyyət belədir. Lakin belə olmadı. Artıq toyların ən çox keçirilən aylarında da toyların sayında azalma var. Toy bazarında vəziyyət durğundur.

İqtisadçı ekspert Xalid Kərimli Trend-ə bildirb ki, vəziyyət belə davam edərsə bir çox restoranların bağlanması və təyinatının dəyişməsi realdır.

"Restoranlarda gəlirlilik aşağı düşüb. Bundan dolayı ölkədə fəaliyyət göstərən restoranların icarə haqlarının aşağı düşməsi gözlənilir. Ölkəmizdə bir dönəm var idi ki, pullu adamlar restoran sahib olmağa investisiya kimi baxırdılar. Çünki mənfəətli sahə idi və rahat pul qazanırdılar. Pandemiyadan sonra bu sahə artıq çox da gəlirli sahə sayılmır. Əsas da qiymət artımı pandemiya, müharibə və dünyada baş verən proseslərin fonunda insanların alıcılıq qabiliyyəti aşağı düşüb. Bu da toy biznesinə və toya gələn qonaqların maliyyə imkanlarına təsir edib. Şadlıq saraylarının qiymətlərinin bahalaşması onların xərcinin artması deməkdir. Rəqabətdə uduzanlar restoranın təyinatın dəyişməlidirlər ya da başlamalıdırlar. Şadlıq sarayları və restoranların qarşıda daha çətin günlər gözləyir", - deyə ekspert qeyd edib.