Toylar bərpa olunur? - VİDEOREPORTAJ
    • 16-05-2021, 19:51
    • 527

Toylar bərpa olunur? - VİDEOREPORTAJ

"Deyirlər ki, toy olacaq..." Yəqin bu ifadə üçün hər birimiz darıxmışıq. Çünki bir ildən artıqdır evlərdən, şadlıq saraylarından "Vağzalı" səsi gəlmir, nişanlı cütlüklərin gözü yolda qalıb. 

Bəs, görəsən, yaxın günlərdə toylar yenidən bərpa olunacaqmı? 

News24.az olaraq bu sualın cavabını axtarmağa çalışdıq.

Kütləvi peyvəndlənmə prosesindən sonra toy sektorunda canlanma hiss olunur. Toy sahibləri şadlıq evlərinə gələrək öncədən növbəyə yazılıblar. Şadlıq evi işlədən sahibkarların verdiyi məlumata görə, rəsmi səviyyədə peyvəndləmə prosesindən sonra zənglərin ardı-arası kəsilmir. Yəni toy sahibləri ən azı iyun ayından etibarən toyların keçirilməsinə icazə veriləcəyinə böyük ümid bəsləyirlər. Buna görə də, şadlıq saraylarında yer tapmaq üçün indidən növbəyə yazılırlar.

Sahibkar Bəxtiyar Fətullayev sözlərinə görə, iyun və iyul ayı üçün yazılanların sayı kifayət qədərdir: "Məlum olduğu kimi, bir ildən artıqdır pandemiya səbəbindən toylar keçirilmir. Amma hazırda toy sektorunda canlanma yaranıb. Zənglərin sayı çoxalıb, maraqlananlar var. Keçən ildən yazılan müştərilərimiz var ki, onlar hər dəfə tarixi yeniləmək məcburiyətindədir. Amma yeni zənglər və müştərilərimiz də çoxdur. İyun-iyul ayı üçün demək olar ki, boş yerimiz yoxdur. Düşünürəm ki, qərar qüvvəyə mindikdən sonra ümumiyyətlə, boş günümüz olmayacaq. Güman edirik ki, toyların keçirilməsinə icazə verilər. Gözləntilərimiz böyükdür".

B. Fətullayev onu da vurğulayıb ki, toyların açıq hava keçirilməsi üçün bütün hazırlıq işləri görülüb: "Açıq-havada toyların keçirilməsinə icazə verilsə, biz yenə də bütün pandemiya qaydaların riayət edəcəyik. Ara məsafə gözləniləcək, dezinfeksiya qurğuları quraşdırılacaq". 

Paytaxt sakinləri də bu qərarın ləğv edilməsini səbirsizliklə gözləyirlər. 

Millət vəkili Fazil Mustafa da toyların yenidən bərpasını dəstəkləyir: "Üç-dörd ay öncə toyların bərpası real idi, amma bunu nədənsə etmədilər. Ancaq artıq toyların keçirilməsi üçün imkan yaradılmalıdır. Məsələ dəfələrlə qaldırılsa da, həlli tapılmadı. Bu vətəndaşları əziyyətə salmaq üçün atılan addımdır. Ya açıq havada, ya da qapalı məkanda mütləq toylar keçirilməlidir. Onu da deyim ki, Milli Məclis bu işlərlə məşğul olmur. Son qərarı Operativ Gərargah verir".  

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ölkədə toyların keçirilməsi ötən ilin mart ayından qadağan edilib.

Sevda Bayramova
VİDEO: Fərid Şabanov