Bakıda evlilik ildönümündə insident : Kişi arvadını döydü
    • 24-05-2023, 15:13
    • 972

Bakıda evlilik ildönümündə insident : Kişi arvadını döydü

Yasamal rayonu ərazisində yerləşən karaokelərdən birində insident baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, “Pub karaoke” adlanan istirahət məkanında 1976-cı il təvəllüdlü S.Əliyev (şərti) həyat yoldaşı A.Əliyeva ilə dalaşıb. Oranın əməkdaşlarının tələbi ilə kişi və həyat yoldaşı karaokeni tərk etdikdən sonra dava-dalaş və səs-küy küçədə davam edib. Gecə saatlarında ictimai asayişin pozulduğunu görən polislər S.Əliyevə yaxınlaşaraq onu intizama dəvət etsələr də, həmin şəxs etiraz edib.

O, saxlanılaraq polis bölməsinə aparılıb və barəsində İXM-nin 535-ci maddəsinə əsasən protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə o, hadisə vaxtı sərxoş halda olduğunu deyib: “11 may 2023-cü il tarixdə həyat yoldaşımla evliyimizin ildönümünü qeyd etmək üçün Yasamal rayonu ərazisində kluba getmişdik və ikimiz də spirtli içki qəbul etmişdik. Klubdakı karaokedə mahnı oxumaq üstündə yoldaşımla aramızda mübahisə düşdü. Klubdan çıxıb evə gedəndə mübahisəmiz davam etdi. Polis əməkdaşları məndən sakitliyə riayət etməmi tələb etdilər. Əsəbi olduğum üçün polisin tələbinə tabe olmamışam, əməlimdən peşmanam”.

Məhkəmənin qərarı ilə S.Əliyevə 100 manat cərimə cəzası təyin edilib və o, həbsdən azad edilib.

Taleh BAĞIROV