Azərbaycanda qadın mülkə görə bacısını baltaladı
    • 25-05-2023, 11:52
    • 3 047

Azərbaycanda qadın mülkə görə bacısını baltaladı

Sumqayıt şəhərində serebrial-iflicdən əziyyət çəkən, hərəkət məhdudiyyətli bacısını baltalayaraq öldürməyə cəhd edən 1960-cı il təvəllüdlü Kifayət Nurməmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Kifayətin xəstə bacısı, 48 yaşlı Aygünü mülkə görə baltalaması məlum olub.

Belə ki, K.Nurməmmədova bacısının qardaşı Elşadın evinə köçmək qərarına etiraz edib. O, ağır xəstəlikdən əziyyət çəkən bacısının evini qardaşının adına keçirəcəyini düşünüb. K.Məmmədova uzun illərdir bacısına özünün baxdığını deyib.

Hadisə də onun qardaşı Elşad mağazaya gedəndə baş verib. Evdə bacısı ilə baş-başa qalan Kifayət mətbəxdən balta götürərək onun başına zərbələr endirib. 

Hadisədən az sonra Elşad mağazadan gəlib və qapının arxadan bağlı olduğunu görüb. O, dərhal polisə məlumat verib. Polislərin gəlişindən sonra Kifayət qapını açıb və onun bacısını baltalaması məlum olub. Dərhal xəstəxanaya çatdırılan Aygün Nurməmmədovanın həyatı xilas edilib. 

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıq adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Məhkəmənin 15 may tarixli hökmü ilə 63 yaşlı Kifayətə 14 il azadlıqdan məhrumetmə cəzası verilib.

Taleh BAĞIROV