Karantin dövründə yazılan cərimələr LƏĞV EDİLƏCƏK?
    • 25-05-2023, 12:57
    • 625

Karantin dövründə yazılan cərimələr LƏĞV EDİLƏCƏK?

Türkiyə pandemiyanın bitməsini nəzərə alaraq tibbi maskadan istifadə və digər karantin qadağaların pozulduğuna görə vətəndaşların ödədiyi cərimələri geri qaytaracaq. Bu barədə ölkənin Konstitusiya Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, vətəndaşlar ödədikləri məbləğləri geri ala biləcəklər.

Bir müddət öncə Azərbaycanda da bəzi deputatlar, ictimaiyyət nümayəndələri bu tip cərimələrin ləğvinin mümkün olmasını gündəmə gətirsələr də, bu haqda heç bir qərar qəbul edilmədi. Digər ölkələr kimi, Azərbaycanda da artıq pandemiya bitib və həmin dönəmdə tətbiq olunan qadağaların da əksəriyyəti ləğv olunub. Amma karantin dövründə yazılan cərimələr isə hələ qalır.

Bəs, Türkiyə təcrübəsi Azərbaycanda tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, pandemiya zamanı yazılan cərimələrin silinməsi həm də dövlətin mənəvi borcudur: "Pandemiya dövründə tətbiq olunan məhdudiyyət və cərimələrin nə qədər absurd olduğu artıq bir çox ölkələr tərəfindən etiraf olunub. Etiraflardan sonra cərimələrin ləğvi ilə bağlı qərarlar da verilib. Bu məsələ Azərbaycanda da aktualdır. Pandemiya zamanı karantin rejimi qaydalarının pozulmasına görə yazılan cərimələrin silinməsi doğru qərar olardı. Bu məsələ mütləq müzakirə olunmalıdır".

Qumral Əliyeva