Nikol sülh istəyir, Araik Bakıya müharibə elan edir - Qarabağda savaş hazırlığı?..
    • 25-05-2023, 14:11
    • 701

Nikol sülh istəyir, Araik Bakıya müharibə elan edir - Qarabağda savaş hazırlığı?..

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarına dair bəyanatından sonra Xankəndidəki separatçılar etirazlara başlayıb. Baş separatçı Araik Arutyunyanın mayın 23-də yaydığı qondarma bəyanat Azərbaycana qarşı müharibəyə hazırlıq kimi də qəbul edilə bilər. O, açıq şəkildə bildirir ki, Azərbaycanın tərkibində heç vaxt yaşamayacaqlar, hətta Bakı və İrəvan sülh müqaviləsi imzalasa da, bunu qəbul etməyəcəklər.

Politoloq Cümşüd Nuriyev News24.az-a açıqlamasında bildirib ki, Araik Arutyunyan başda olmaqla, bütün separatçıların birdən-birə fəallaşması Rusiyadan alınan tapşırıqla bağlıdır:

“Artıq erməni blogerlər bunu gündəmə gətiriblər. Çünki separatçıların qondarma “parlament”inə “tapşırıq” verilib ki, Qarabağdakı anti-Azərbaycan mövqeyində olan ermənilər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına mane olsunlar. Məqsəd Ermənistanla Azərbaycanın münasibətini gərginləşdirməkdir. Ermənilər də bunu çox yaxşı başa düşür, onlar Azərbaycanı beynəlxalq ictimaiyyətlə üz-üzə qoymaq istəyirlər. Azərbaycanı Avrasiya İttifaqına üzv etmək niyyətindədirlər, amma Bakı bundan imtina edir. Rusiyanın planları bu istiqamətdədir. Ona görə də Qarabağda təxribatlar davam edəcək”.

Politoloq qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, Rusiya sülhməramlı kontingentinin Qarabağda qalması üçün heç bir hüquqi əsas olmayacaq: “Rusiyanın həm siyasətçiləri, həm də hərbi elitası rus ordusunun bölgədən çıxmasını istəmir. Ona görə də çalışırlar ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasın, gərginlik artsın və Rusiya bölgədə öz mövqeyini möhkəmləndirsin. Azərbaycan ermənilərin təxribatına hər zaman hazırdır. Təxribatlar 30 ildir davam edir. Biz bilirik ki, ermənilər nə zaman hansı təxribatı törədə bilərlər, məqsədləri nədir və s. Sülh danışıqları fonunda təxribatların törədilməsi ermənilərin xislətinə uyğundur. Amma Azərbaycan bunlara kifayət qədər hazırdır. Biz bir dövlət kimi çox güclüyük, güclü ordumuz və möhkəm iradəmiz var, iradəsini ortaya qoyan Ali Baş Komandanımız var. Ona görə də ermənilər nə edirlər etsinlər, yalvararaq gələcəklər və Azərbaycan Respublikasının qanunlarını qəbul edərək burada yaşamaq məcburiyyətində qalacaqlar. Bunu ermənilər dərk etməlidir”.

Turan