Aqrar inkişaf könüllüləri Aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb - FOTO
    • 20-02-2019, 16:16
    • 1 282

Aqrar inkişaf könüllüləri Aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb - FOTO

Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsinin açılış mərasimi keçirilib.

News24.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin açılış mərasimində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov, Aqrar İnkişaf Könüllülərinin rəhbəri Sarvan Cəbrayılzadə çıxış edərək iştirakçılara layihənin mahiyyəti, görüləcək işlər barədə məlumat veriblər. 


Qeyd edək ki, layihə çərçivəsində namizədlər arasından seçilmiş gənclər 10 gün ərzində Kənd Təsərrüfatı Nazirliyinin Bakı, Gəncə, Samux və Şəmkirdə yerləşən ixtisaslaşmış müəssisələrində olacaq, nazirliyin mütəxəssislərinin rəhbərliyi ilə praktiki araşdırma və təlimlərdə iştirak edəcəklər.

 
Layihənin həyata keçirilməsində məqsəd gənclərin rəqəmsal mediaya marağının artırılması, aqrar sahədə olan ehtiyacların müəyyən edilməsi, gələcəyin media nümayəndələri arasında aqrar sahə üzrə ixtisaslaşmaya dəstək olmaqdır. Layihəyə Aqrar İnkişaf Könüllüləri Hərəkatında təmsil olunan gənclər, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələr və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri cəlb olunublar. Təlimlərdə aqrar siyasət, torpaqdan səmərəli istifadə, aqrar məşğulluq və kənd təsərrüfatı layihələrinin kreditləşdirilməsi, kənd təsərrüfatına dövlət dəstəyi, heyvandarlıq və bitkiçilikdə intensiv metodların tətbiqi mövzuları üzrə mühazirələr oxunacaq. 
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.