Elman Rüstəmov Dünya Bankının regional direktoru ilə görüşüb
    • 20-02-2019, 16:44
    • 1 007

Elman Rüstəmov Dünya Bankının regional direktoru ilə görüşüb

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mərkəzi Bankdan News24.az-a verilən məlumata görə, nümayəndə heyətinin rəhbəri xanım Tembon son illərdə Azərbaycan Hökuməti tərəfindən dayanıqlı iqtisadi artımın təmin olunmasında özəl sektorun iştirakının genişləndirilməsi ilə ölkənin neft və qaz resurslarından asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm səylərin həyata keçirilməsini qeyd edib. 
Görüş zamanı DB-nin Azərbaycandakı fəaliyyəti, mövcud layihə portfeli, Ölkə Tərəfdaşlıq Stategiyası çərçivəsində əməkdaşlığın nailiyyətləri və yeni perspektiv istiqamətləri, eyni zamanda DB-nin Azərbaycanda həyata keçirəcəyi potensial fəaliyyət istiqamətləri müzakirə olunub. 
Azərbaycanın DB ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayan E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı məlumat verib. Həmçinin, E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına əminliyini ifadə edib.
Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nigar MƏMMƏDLİ