Ermənistan üçün zaman daralır: Paşinyanın “1975-ci il xəritəsi” İFŞA OLDU
    • 5-06-2023, 17:08
    • 747

Ermənistan üçün zaman daralır: Paşinyanın “1975-ci il xəritəsi” İFŞA OLDU

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkəsinin İctimai Televiziyasında səsləndirdiyi fikirlər heç biri reallığı və həqiqəti əks etdirmir. O cümlədən SSRİ Silahlı Qüvvələri Baş Qərargahının xəritələri ilə bağlı mülahizələr. 

Bu sözləri News24.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib ki, Nikol Paşinyan, Armen Qriqoryan və digərlərinin haqqında söz açdığı xəritələr 1970-1973-cü illərdə SSRİ Nazirlər Soveti yanında Geodeziya və Xəritəçəkmə Baş İdarəsi tərəfindən hazırlanıb: “1975-ci il həmin xəritələrin SSRİ Müdafiə Nazirliyinin topoqrafik xəritələrin hazırlanması üzrə ixtisaslaşan 6-cı mətbəəsində çap olunduğu tarixdir. Amma bəlli olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunub. Yeni Konstitusiyanın qəbulundan sonra isə SSRİ Nazirlər Soveti yanında Geodeziya və Xəritəçəkmə Baş İdarəsi tərəfindən yeni xəritələr hazırlanıb. SSRİ süquta uğrayanda qüvvədə olan konstitusiya 1975-ci ildə qəbul edilən sənəd olub və təbii ki, müttəfiq respublikalar da SSRİ-dən məhz 1977-ci ildə qəbul edilmiş son konstitusiyaya uyğun olaraq hazırlanmış xəritələrdəki inzibati sərhədləri çərçivəsində ayrılıblar. Eyni zamanda 1991-ci ildə imzalanan Alma-Ata bəyannaməsində, müstəqilliklərini əldə etmiş keçmiş SSRİ respublikaları da, sadə hüquqi məntiqlə, məhz bu xəritələrə uyğun olaraq, bir-birlərinin suverenliklərini və ərazi bütövlüklərini tanıyıblar”. 



E.Mirzəbəyli bildirib ki, SSRİ dövründə müttəfiq respublikalar arasında sərhədlər olmayıb, sadəcə hazırda Azərbaycanın rayonları arasındaki inzibati ərazi bölgüsü kimi bir bölgü olub və buna sərhəd demək absurddur: “Sovet dövründə planlı iqtisadiyyat və kollektiv təsərrüfat mövcud idi. Bəzən bir respublikadakı kollektiv təsərrüfata aid olan subyektlər, məsələn: fermalar, yaxud otlaq sahələri digər respublikanın ərazisinə uzanırdı. Bu baxımdan, istər Armen Qriqoryan, istərsə də digərləri müxtəlif dövrlərə aid xəritələr barədə nağıllar uydurub sülh prosesinə maneə yaratmaqdansa, mövcud reallıqlara uyğun davransalar daha yaxşı olar. Sülh bizdən çox onlara lazımdır. Biz 30 ilə yaxın müharibə şəraitində yaşadıq və güclənərək, toparlanaraq torpaqlarımızı azad etdik. Erməni siyasətçiləri müxtəlif fərziyyə, ehtimal və iddialarla çıxış edəndə bir şeyi anlamalıdırlar ki, onlar bizim torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayıblar, yurd yerlərimizi darmadağın ediblər, yüzminlərlə azərbaycanlını öz evindən didərginn salıblar, iqtisadiyyatımıza, infrastrukturumuza onmilyardlarla dollar məbləğində ziyan vurublar. Şərtləri isə qaliblər və haqlılar diqtə edir, məğlublar və işğalçılar yox!”.

Politoloq vurğulayıb ki, hazırda Azərbaycanla Ermənistan arasında yalnız şərti sərhədlər var: “Sərhəd delimitasiya prosesi başa çatandan sonra olacaq. Bu baxımdan da, Armenlər, Aşotlar, Siranuş və Haykanuşlar “xəritəsoxuşdurmaq” missiyalarını bir kənara qoyaraq, reallıqları dərk etməyə çalışsalar daha yaxşı olar. Sülh prosesinə gəldikdə isə, bu, Ermənistana daha çox lazımdır. Biz 30 ilə yaxın müharibə şəraitində yaşadıq və güclənərək ədaləti bərqərar etdik. Əgər sülh istəmirlərsə, o zaman nəticələrə də qatlaşmalı olacaqlar. Danışıqlar prosesinin isə sonsuzadək uzadılacağına heç kim ümid bəsləməsin. Vaşinqton və Brüssel görüşləri Ermənistana “ayaqlarını yorğanına uzatmaq üçün” tanınan imkandır. Yoxsa vaxt da, “yorğan” da qısala bilər”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da daxil olmaqla, Ermənistan rəsmiləri son vaxtlar guya Rusiya SQ Baş Qərargahının arxivində saxlanılan və ictimaiyyət üçün əlçatan olmayan 1975-ci il xəritələri əsasında sərhədin delimitasiyasının aparılmasına Azərbaycanın da razılıq verdiyini iddia edirdi. Bu gün Azərbaycan XİN buna qəti şəkildə etirazını bildirən bəyanat yaydıqdan sonra Ararat Mirzoyan Azərbaycanın bu xəritəyə hələ razılıq vermədiyini etiraf edib.

Akqabay Mıradov