6-cı siniflərdə bu iki fənnin tədrisi LƏĞV EDİLDİ - Nazirliyin qərarına REAKSİYA
    • 9-06-2023, 10:44
    • 1 226

6-cı siniflərdə bu iki fənnin tədrisi LƏĞV EDİLDİ - Nazirliyin qərarına REAKSİYA

Orta ümumtəhsil müəssisələrində tədris olunan fənlərin sayının çox olması daim müzakirələrə səbəb olub. Valideynlər zaman-zaman tədris olunan fənlərin çoxluğundan gileylənib. Bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliye fənlərin saylarına baxılmasına ehtiyac olduğunu bildirib. O qeyd edib ki, fənlərə baxılması istiqamətində nazirlikdə müzakirələr başlanılıb: “Hansı fənnin tədris prosesindən çıxarılması məsələsinə isə baxılır”. 

E.Əliyev, həmçinin bildirib ki, növbəti tədris ilində 6-cı siniflərdə “Təbiət” fənni tədris ediləcək, əvəzində isə 6-cı siniflərdə biologiya və fizika tədris olunmayacaq. Sosial mediada geniş müzakirə olunan bu məsələ tərəfləri ikiyə ayırıb. Qərarın düzgün olduğunu düşünənlər də var, yanlış olduğunu müzakirə edənlər də. 

Mövzu ilə bağlı News24.az-a danışan təhsil eksperti Elçin Süleymanov deyir ki, biologiya və fizika fənlərinin tədris proqramından çıxarılması qabaqcıl ölkələrin təhsil sisteminə uyğunlaşmaqla əlaqədardır: 

“Bütün dünya təhsilində fənlərarası inteqrasiya diqqət mərkəzindədir. Bundan öncə bizim təhsil müəssisələrində fənlər hər biri ayrıca tədris olunurdu və onlar arasında əlaqəyə önəm verilmirdi. Yeni qərara əsasən, dəqiq elmlər və təbiət elmlər bloku tədris olunacaq. Yəni, ümumi “Təbiət” adlandırılan fənnin bir hissəsində Riyaziyyat, digər hissəsində Kimya və s. tədris olunacaq. Yəni, “Təbiət” bu fənlərin ümumi adı olacaq. Sovet təhsil sistemində fənlər hər biri müstəqil tədris olunurdu və onlar arasındakı əlaqəyə önəm verilmirdi. Amma müasir dövrdə fənlərarası əlaqə şagirdin inkişafına, kritik düşüncəsinə də çox müsbət təsir göstərəcək”.

Ekspert əlavə edib ki, yeni metodologiya sadə və dərindən öyrənməyə kömək edəcək: “Sovet təhsil sistemi yeni mövzuları daha dərindən öyrənmə üsuludur. Qərb təhsili isə sadə və bilikləri möhkəmləndirərək öyrədir. Bu, şagirdin həm nəzəriyyəni, həm tətbiqi öyrənməsinə və biliklərin qalıcı olmasına hədəflənir. Daha az mövzu və dərinləməsinə öyrətmək prinsipi əsas götürülür. Yeni tətbiq edəcəyimiz metodologiya da bu istiqamətdədir”. 

E.Süleymanov əlavə edib ki, artıq bir sıra qabaqcıl məktəblərdə bu sistem tətbiq olunur və bu, şagirdin prosesə bütün baxmasına kömək edir.

Qumral Əliyeva