Kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdə
    • 22-02-2019, 14:01
    • 981

Kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdə

Kənd təsərrüfatı naziri İnam Kərimov Fransada işgüzar səfərdədir.

Kənd Təsərrüfatı Nazirliyindən News24.Az-a verilən məlumata görə, İ.Kərimov heyvandarlıq üzrə ixtisaslaşmış AURİVA kooperativində olub.
Nazir işgüzar səfəri çərçivəsində Overny-Ron-Alp regionunda heyvandarlıq üzrə ixtisaslaşmış AURİVA kooperativinin rəhbəri Brüno Punt və bu sektorun istehsal xəttinə aid olan digər şəxslərlə görüşüb.
Görüşdə İ.Kərimov ölkəmizdə kənd təsərrüfatının, xüsusilə də heyvandarlığın inkişafının prioritet sahələrdən olduğunu diqqətə çatdırıb, heyvandarlığın inkişafına dövlət dəstəyindən, bu istiqamətdə aparılan islahatlardan söz açıb.
Nazir Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının bütün sahələrinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Ölkəmizdə aqrar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutları və süni mayalama mərkəzi haqqında ətraflı məlumat verən İ.Kərimov bu sahənin inkişafının ölkə üçün prioritet olduğunu qeyd edib.
B.Punt kooperativin fəaliyyəti ilə bağlı təqdimat edib. O, kooperativin süni mayalama yolu ilə yetişdirdiyi 14 cinsdən olan damazlıq buğalar haqqında ətraflı məlumat verib. Bildirib ki, süd və ət məhsuldarlığına görə yetişdirilən bu cinslər müxtəlif iqlim və temperatura dözümlüdür.
Tərəflər hər iki ölkənin ekspertlərinin birlikdə tədqiqat aparmasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə bilik və bacarıq, eləcə də təcrübə mübadiləsinin, qarşılıqlı texniki tərəfdaşlığın inkişafının vacibliyini qeyd ediblər.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də Fransadakı səfirliyimizin əməkdaşları da iştirak ediblər.
Təqdimatdan sonra kooperativin istehsalat sahəsinə baxış keçirilib.