Qadınların pensiyası artırıla bilər? - Açıqlama
    • 19-06-2023, 13:48
    • 317

Qadınların pensiyası artırıla bilər? - Açıqlama

Azərbaycanda qadınların pensiyasına xüsusi əmsalların tətbiqi təklif olunur.

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə qadınlarla kişilərin pensiya məbləğində fərqin aradan qaldırılması üçün xüsusi əmsallardan istifadə olunur. Belə ki, qadınlar pensiya yaşına çatan zaman pensiya kapitalı məxsusi əmsala vurulur və bununla da onların pensiya kapitalında artımlar müşahidə olunur.

Deputat Vüqar Bayramov oxşar praktikadan Azərbaycanda da istifadə olunmasını təklif edib.

Bəs, bu praktika Azərbaycanda həyata keçirilə bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Bakupost.az -a açıqlamasında bildirib ki, dünyada və ölkəmizdə qadınların cəmiyyət üçün faydalı olan əməyi o qədər də qiymətləndirilmir:

“Qadın və kişilərin qazancı müxtəlif səbəblərdən - iş şəraiti, ailə vəziyyəti kimi məsələlərdən asılı olaraq eyni olmur. Pensiya yaşına çatdıqda isə qadın və kişi arasında fərqli pensiya məbləğləri ortaya çıxır. Bu problem dünyada, həmçinin Azərbaycanda da mövcuddur”.

İqtisadçı sözügedən praktikanın Azərbaycanda da həyat keçirilməsini mümkün hesab edib:

“Humanizm, sosial-ədalət prinsiplərinə uyğunlaşmaq üçün müəyyən artırıcı əmsallar tətbiq edilə bilər. Çünki qadınların evdə, ailədə bir çox əməkləri var ki, onlar qiymətləndirilmir, vergi tutulmur. Amma həmin əməklər ailə və cəmiyyət üçün faydalıdır. Ona görə də bunun tərtib edilməsi mümkündür”.