-
- Bu gün, 06:24
- 3 351
Saatı nə üçün sol qola taxırıq...
Yəqin ki, hər kəs ən az bir dəfə aksessuarların nə üçün məhz sol ələ daha çox taxıldığını düşünüb. Bununla bağlı araşdırmalarda birdən çox fərqli versiya səsləndirilib.
Kulturoloq Aydın Xan Əbilov Modern.az-la söhbətində bildirib ki, saatlar bəşəriyyətin daha çox inkişaf etdiyi, kapitalizmin sürətlə çiçəkləndiyi, zamanın idarə edilməsi və planlaşdırılması lazım olan 18-19-cu əsrdən etibarən hər kəsin aksessuarına çevrilməyə başlayıb:
“Ona qədər günəş saatı, günü zaman kəsiyinə bölmək üçün metodlar var idi. Amma saatı, dəqiqəni, hətta saniyəni dəqiq göstərən aksessuar kimi əvvəlcə böyük binaların, xüsusilə də sarayların yuxarı hissəsində, şəhər meydanlarında quruıan saatlar istifadə edilməyə başlandı. Daha sonralar artıq bəzi müəssisələrdə də qurulmağa başlandı. Ən son isə 18-ci əsrdən etibarən kişilər cib saatı, qadınlar isə qol saatlarını taxmağa başladılar. Onlar üçün bu artıq aksessuar olmaqla yanaşı həm də etiket qaydalarından biri idi. Məsələn indiyə qədər də bir çox ölkələrin diplomatik missiyalarına daxil olan zaman biləyinizdə saat olmalıdır. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində populyar olan cib saatları daha çox hərbçilər və dəqiq işlərlə məşğul olan insanlar tərəfindən istifadə olunmağa başladı. Saatı hər dəfə çıxarıb qurmaq zəhmətli olduğu və insanların əksəriyyəti sağ əlindən aktiv istifadə etdiyi üçün artıq onu məhz sol biləyə taxmağa başladılar”.
A.Əbilov bildirib ki, bundan sonra insanlar artıq zamanı göstərməyən aksessuar olan bilərziyi belə sol biləyə taxmağa başladılar:
“Eyni zamanda sol əlin adsız barmağına nişan üzükləri taxılmağa başlandı. Bu həm də digər insanlara şəxsin nişanlı yaxud evli olduğunu göstərmək üçün idi. Saat, bilərzik və digər aksessuarlar sol ələ ona görə taxılır ki, sağ əl daha işləkdir. Müxtəlif vaxtlarda bu əlimiz bizə daha çox lazım olur.İnsanların əksəriyyəti bu əldən daha rahat və aktiv istifadə etdiyi üçün aksessuarları da taxmaq, idarə etmək və çıxarmaq daha asandır. Keçmişdə saatları cibdən çıxarıb baxmaq,qurmaq vaxt apardığı üçün hərbçilər qol saatlarından istifadə etməyə başladılar. Hərbçilər saatı biləklərindən asmağa başlayandan sonra digər insanlar da sol tərəfə taxmağa başladılar. Yəni fiziki olaraq insanların imkanlarına görə saatlar daha çox solda olur. Eyni zamanda bildiyimiz kimi gözlərimizin biri yaxını digəri isə uzağı görməyə cavabdehdir. Əksəriyyət insanda uzağı daha yaxşı görən göz sağ gözümüzdür. Sol gözümüz saata baxan zaman rahat fokuslanmaq olur. Bu zaman da onu görmək, qurmaq və çıxarmaq daha asanlaşır”.
Müsahibimiz sonda qeyd edib ki, qədim Misirdən üzü bu yana aksessuarlardan istifadə edilir:
“Bəzən bu aksessuaralar müəyyən obrazlı ifadəyə çevrilir. İnsanlar subay yaxud evli olduğunu məhz bu aksessuarlar vasitəsilə göstərirdilər. Amma saatla bağlı məsələ başqa idi. Saat daha çox praktik olduğuna görə onu daha çox sol tərəfə bağlayırlar. Fikir versəniz indi smart saatlar və aksessuarlar da daha çox sol qola taxılır. Çünki biz sağ əldən daha çox istifadə edirik. Həm də sol tərəfdə olan əşyalar ürəyə yaxın olduğu üçün itdiyi zaman fərqinə varmaq daha rahat olur”.