Energetika Nazirliyi ilə Norveç şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
    • 25-02-2019, 14:26
    • 1 012

Energetika Nazirliyi ilə Norveç şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Energetika Nazirliyi və Norveçin Equinor Abşeron AS şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.  

Energetika Nazirliyindən News24.az-a verilən məlumata görə, memorandumda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ikitərəfli əməkdaşlığın ümumi prinsipləri, bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi, bu sahəyə gəlirli investisiya qoyuluşu üçün şəraitin yaradılması ilə bağlı əməkdaşlıq nəzərdə tutulur.  Bu sənəd Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı, maliyyələşdirilməsi, tikintisi, istismarı və saxlanması istiqamətində fəaliyyəti təmin etməyə kömək edəcək.  Anlaşma Memorandumunu energetika nazirinin müavini Samir Vəliyev və Equinor Abşeron AS şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Quraishi imzalayıb. Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı, bu sahəyə investisiya qoyuluşunun təşviqi ilə bağlı həyata keçirilən tədbirlər, qarşıda duran hədəflər barədə danışıb. Bildirib ki, Equinor şirkəti ilə imzalanmış bu memorandum bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində tərəflər arasında atılan ilk addımdır və Azərbaycanda bu sahənin inkişafına oz töhfəsini verəcək. Favad Quraishi isə bərpa olunan enerji mənbələrinin inkişafı üzrə fəaliyyətin Equinor şirkətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, bu sənədlə Equinor şirkəti Azərbaycanla  əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və bərpa olunan enerji mənbələri sahəsində hər iki ölkənin maraqlarının reallaşmasına imkanlar yaranacaq.

Nigar MƏMMƏDLİ