Avropa Oyunları: İdmançımız bürünc qazandı
    • 26-06-2023, 19:13
    • 242

Avropa Oyunları: İdmançımız bürünc qazandı

Azərbaycan idmançısı Xəyal Əliyev Polşada keçirilən III Avropa Oyunlarının muaytay yarışlarında bürünc medal qazanıb.

News24.az xəbər verir ki, X.Əliyev (67 kq) polşalı Oskar Siqert ilə qarşılaşıb. Üçüncü raundda nokdauna düşən idmançımız mübarizəni dayandırıb. O, Avropa Oyunlarının bürünc mükafatını qazanıb.

Yarışda daha iki idmançımız rinqə çıxacaq. Aysun Dərvişovanın (57 kq) rəqibi İsveç təmsilçisi Patrisiya Axlinq olacaq. Emiliya Rzayeva (63,5 kq) isə həlledici döyüşə vəsiqə uğrunda Tereza Steçova (Çexiya) üzərində qələbə qazanmalıdır.

Məğlub olanlar bürünc qazanacaq. Qaliblərin iştirak edəcəyi final döyüşləri sabah keçiriləcək.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. Atletlər idmanın 29 növü üzrə 253 dəst medal uğrunda yarışırlar. Azərbaycan “Krakov-2023”də idmanın 13 növü üzrə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.