Araikin Putinə yazdığı məktubun sirri: O, nəyi etiraf edib? - DETALLAR
    • 5-07-2023, 16:02
    • 486

Araikin Putinə yazdığı məktubun sirri: O, nəyi etiraf edib? - DETALLAR

Xankəndidəki separatçıların “başçısı” Araik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. Araikin məktubu Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. Məktubun məğzi Araikin Putinə yalvarmasından ibarətdir. Bildirilir ki, baş separatçı Putinə məktubunda sərt ifadələr işlədib. Araik Putindən tələb edib ki, onlara gələcəklərinin necə olacağı ilə bağlı açıq məlumat versin. Məlumata görə, məktub Ermənistanın Baş naziri Nikol Paşinyan vasitəsilə Rusiya Federasiyasının prezidentinə göndərilib. 

Politoloq Elçin Mirzəbəyli News24.az-a açıqlamasında bildirib ki, Arutyunyanın məktubu düşünülmüş təxribatdır:

“Bu təxribatda təkcə separatçıların və Ermənistanın yer almadığını düşünürəm. Burada üçüncü qüvvələrin də iştirakı mümkündür. Məktubun mahiyyəti əslində bəllidir. Arutyunyanın Rusiya prezidentinə hər hansı bir formada müraciət ünvanlaması və yaxud Rusiya sülhməramlıları ilə bağlı mövqe sərgiləməsi tamamilə əsassız və hüquqi cəhətdən də heç bir söykənəcəyi olmayan bir məsələdir. 10 noyabr bəyanatı Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb. Bəyanata əsasən, sülhməramlılar Azərbaycan ərazilərində Azərbaycanın icazəsi olaraq mövcudluqlarını hələ ki, qoruyub saxlayırlar. Bu kontekstdə də, indiki şəraitdə ən qısa yol Araikin təslim olmasıdır. Arutyunyan da, digər separatçılar da təslim olduqlarını və cinayətə yol verdiklərini, Azərbaycana qarşı atdıqları bütün addımların qanunsuz olduğunu bəyan etməli və Azərbaycan dövlətindən əfv diləməlidirlər. Bunun üçün Rusiya prezidentinə xüsusi bir yalvarış məktubunun göndərilməsinə ehtiyac yoxdur”. 



Ekspert bildirib ki, Araikin məktubu separatçıların düşdüyü acınacaqlı, çıxılmaz durumun mənzərəsini nümayiş etdirir: “Həm separatçılar, həm də faktiki olaraq bu gün Azərbaycan ərazilərində yaşayan erməni sakinlər də başa düşməlidirlər ki, üçüncü, dördüncü hansısa qüvvələrə müraciət etməklə özlərinin firavan, rahat həyatlarını təmin edə bilməzlər. Bir dövlətə qarşı silah qaldırıb onun ərazilərində, şübhəsiz ki, rahat yaşaya bilməzlər. Bu aspektdən də yeganə çıxış yolu silahı yerə qoyub təslim olmaqdan və Azərbaycan cəmiyyətinə reinteqrasiya etməkdən gedir. Əslində, Araik Arutyunyanın mesajının digər tərəfində faktiki olaraq separatçıların hər hansı bir alternativinin olmadığı etirafını da görmək mümkündür”.

Akqabay Mıradov