Azərbaycanla İran arasında mübahisələr sonlanmayacaq - ŞƏRH
    • 7-07-2023, 17:35
    • 377

Azərbaycanla İran arasında mübahisələr sonlanmayacaq - ŞƏRH

"Azərbaycan Prezidenti İlham Əliyevin İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla müzakirələrinin xoş atmosferdə keçdiyini deyə bilərik.  Əliyevin Abdullahianı qəbul etməsindən sonra İran mediasında Azərbaycana qarşı ritorika bir qədər yumşalıb, hərçənd SEPAH-a bağlı informasiya məkanları yenə də ənənəvi ampluasındadır". 

Bunu News24.az-a açıqlamasında Azərbaycan-iran münasibətlərinin perspektivini şərh edən siyasi analitik Aqşin Kərimov deyib.

O bildirib ki, görüş və yumşalan ritorika Azərbaycanla İran arasındakı mübahisələri sonlandırmayacaq: "Çünki Azərbaycanın region üzrə maksimalist, İranın isə geosiyasi ambisiyaları dəyişməz olaraq qalmaqdadır. 

İran özünün təhlükəsizliklərini müxtəlif yarlıqlarla təqdim edərkən Ermənistanı geosiyasi baxımdan özünün bufer dövləti kimi qələmə verir. 
Azərbaycan isə Zəngəzur dəhlizinin açılmasına israr edir və artıq geri dönüş yolu yoxdur, indi qalır ki, Bakı-Tehran münasibətlərinin “Zəngəzur səhifəsinə” müştərək müəlliflik qismində maraqlar yazılsın. Bu səhifə yazılsa, Bakı-Tehran gərginliyindəki bir hissə qapanacaq, hərçənd, o qədər də inandırıcı versiya kimi səslənmir. Çünki ortada başqa geosiyasi maraqların toqquşduğu səhnələr qalmaqdadır, xüsusilə regionda Türkiyə, İsrailin oyunçuluqda balansını artırması İrana xoş gəlmir". 

Aqşin Kərimov vurğulayıb ki, İranın Cənubi Qafqaz siyasətindəki ritorika dəyişikliyi Yaxın Şərqdə baş verən hadisələrin, Rusiya-Ukrayna müharibəsinin nəticələri ilə paralellik təşkil edəcək: "Amma açığı, xoş olmayan mənzərə ortaya çıxa bilər, çünki İran Suriyada, Livanda müdafiə və hücum imkanlarını gücləndirir, Cənubi Qafqazda proksi qüvvələr yetişdirmək istəyir. Buna görə də, Azərbaycan-İran münasibətləri bir-biri ilə bağlılıq dərəcəsi olan regionlarda maraqların təmini üzrə nəticələrdən asılı olaraq qalmaqdadır. Hər halda, nə İran, nə də Azərbaycan bir-birinə müharibə elan edir, lakin siyasət, strateji xətt dəyişmir, hətta Rusiyanın istədiyi “Şimal-Cənub” Dəhlizindəki müştərək maraqlar belə Bakı-Tehran strateji rəqabətini səngitməyəcək. Ancaq diplomatik münasibətlərin məhdudlaşmış səviyyədən yüksək profilə qaytarılması üçün danışıqların davam edəcəyini qeyd edə bilərik ki, bu da, iki dövlət arasındakı münasibətlər üçün müsbət siqnallardır".

Məhərrəm ƏLİYEV