Qazanda narkotik vasitələr keçirmək istəyənlər yaxalanıb - FOTO - VİDEO
    • 28-02-2019, 10:59
    • 884

Qazanda narkotik vasitələr keçirmək istəyənlər yaxalanıb - FOTO - VİDEO

Azərbaycan gömrükçüləri narkotik vasitə və psixotrop maddələrin daha bir "orijinal" gizlətmə üsulu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına birlikdə piyada gələn 4 nəfər Azərbaycan vətəndaşı piyada xətti ilə gömrük nəzarəti salonuna daxil olub. DGK-dən News24.az-a verilən məlumata görə, öncə, onlardan 2 nəfəri əl yüklərini birlikdə gömrük nəzarətinə təqdim ediblər. Rentgen aparatında yoxlanılarkən monitorda həmin yüklərə daxil olan 1 ədəd qazan dəstinin içində şübhəli predmetlərin olması müşahidə edilib.
Həmin iki vətəndaşla sorğu-sual zamanı onlar əl yüklərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildiriblər.
Bu vaxt sözügedən vətəndaşlarla birlikdə gələn digər 2 nəfər də ardıcıl olaraq əl yüklərini rentgen aparatına qoyublar. Yoxlama zamanı, həmin yüklərə daxil olan daha 1 ədəd qazan dəstinin içində də şübhəli predmetlərin təsviri görünüb.
Daha sonra bütün əl yüklərinə təkrar baxış keçirilib. Nəticədə, ilk yoxlanılan qazan dəstinin içindəki iki qazandan birində sellofan bükümlə birgə çəkisi 412 qram olan heroin aşkar edilib. Digər qazanda isə iki ədəd sellofan bükümdə - ayrı-ayrılıqda bükümlə birgə çəkisi 53 qram olan metamfetamin və 188 qram heroin aşkara çıxarılıb.
Növbəti əl yüklərinə daxil olan qazan dəstinin içindəki iki qazandan birində isə sellofan bükümlə birgə çəkisi 409 qram olan heroin, digərində isə sellofan bükümlə birgə çəkisi 252 qram olan metamfetamin aşkarlanıb.
Aşkar edilən bütün predmetlər qazanların içərisində onların diametrinə uyğun olaraq sonradan yapışdırılmış və üzü boyanmış metal lövhələrin altında gizlədilsə də, lakin bu gizlətmə üsulu da gömrük nəzarətindən keçməyib. Beləliklə, bu cəhdin qarşısının alınması nəticəsində ümumilikdə 1009 qram heroin və 305 qram metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.