Rusiya Türkiyə ilə bağlı mühüm qətnaməyə VETO QOYDU
    • 11-07-2023, 18:51
    • 202

Rusiya Türkiyə ilə bağlı mühüm qətnaməyə VETO QOYDU

Rusiya BMT Təhlükəsizlik Şurasında İsveçrə və Braziliyanın Türkiyə vasitəsilə Suriyaya humanitar yardımın transsərhəd çatdırılması mexanizminin 9 ay müddətinə uzadılmasını təklif edən qətnamə layihəsinə veto qoyub.

News24.az xəbər verir ki, bu barədə RİA Novosti yazır. 

Məlumata görə, Çin səsvermədə bitərəf qalıb.

Suriya-Türkiyə sərhədindəki Bab əl-Hava sərhəd-keçid məntəqəsi vasitəsilə Suriyaya humanitar yardımın transsərhəd çatdırılması mexanizmi iyulun 10-da başa çatıb. Qətnamə layihəsində bildirilirdi ki, Təhlükəsizlik Şurası Bab əl-Hava keçid məntəqəsinin fəaliyyətinin “9 ay müddətinə, yəni 2024-cü il aprelin 10-dək” uzadılması barədə qərar qəbul edir.
Bu arada, Rusiya BMT Təhlükəsizlik Şurasına öz qətnamə layihəsini təqdim edib və orada bu sərhəd keçidinin işinin 6 ay müddətinə uzadılmasını təklif edib.

Qonşu dövlətlərdən (ilk növbədə Türkiyə ilə sərhəddən) Suriyaya humanitar və tibbi ləvazimatların sərhəd keçid məntəqələri vasitəsilə sadələşdirilmiş şəkildə çatdırılması rejimi 2014-cü ildən fəaliyyət göstərir. Bu mexanizm hər il yenilənir. Onun çərçivəsində BMT-nin humanitar agentlikləri və onların tərəfdaşları əvvəlcə qarşıdurma xətləri və dörd sərhəd keçid məntəqəsi üzərindən marşrutlardan istifadə etmək hüququna malik idilər: Bab əs-Salam və Bab əl-Hava (hər ikisi Suriya və Türkiyə sərhədində), “Əl-Yarubiya” ( İraqla sərhəddə ) və “Ər-Ramta” ( İordaniya ilə sərhəddə).

Suriya ordusu getdikcə daha çox əraziyə nəzarət etməyə başlayanda Dəməşq və Moskva sərhəd keçidlərinin tədricən məhdudlaşdırılmasını müdafiə edib.

İyulun 10-na qədər yalnız bir Bab əl-Hava sərhəd keçid məntəqəsi mexanizmlə fəaliyyətini davam etdirib. Qərb ölkələri mütəmadi olaraq bu mexanizm çərçivəsində fəaliyyət göstərən nəzarət-buraxılış məntəqələrinin sayının artırılmasını tələb edir, Suriya hakimiyyəti isə ölkədəki bütün humanitar yardımların Dəməşq tərəfindən - təmas xətləri vasitəsilə paylanmasını istəyir.

Akqabay