Balasanyanın həbsinin detalları: Xocalı qatili belə ifşa edildi
    • 14-07-2023, 11:51
    • 764

Balasanyanın həbsinin detalları: Xocalı qatili belə ifşa edildi

Xəbər verdiyimiz kimi, Qarabağ separatçılarının fəallarından biri, separatçıların “təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan həbs edilib. Ermənistan parlamentinin sabiq deputatı, müxalif siyasətçi Naira Zöhrabyan bildirib ki, onun evində 40 dəqiqə axtarış aparılıb. Bundan sonra Balasanyan və oğlu saxlanılıb.

News24.az xəbər verir ki, erməni mətbuatı Balasanyanın həbsi ilə bağlı bir sıra detalları yayıb. O, maxinasiyada ittiham edilir.

Separatçı rejimin qondarma “baş prokurorluğununda” “kənd təsərrüfatına dəstək fondu”nun təqdim etdiyi hesabat müzakirə edilib. Həmin hesabatda müəyyən edilib ki, o, 2021-ci ilin iyun ayında - Balasanyanın qondarma “təhlükəsizlik şurasının katibi” olduğu vaxtlar arı ailələri almaq məqsədilə yüksək məbləğdə kredit alıb, lakin təyinatlı kredit müqaviləsi üzrə verilən vəsaiti qeyri-məqsədlər üçün istifadə edib.

Erməni mənbələr Balasanyana qarşı “tuşonka 2" əməliyyatının keçirildiyini bildirir. 

“Hraparak” nəşrinin mənbəsi Balasanyan və oğlunun həbsini 2018-ci ildə baş verənlərlə - erməni general Manvel Qriqoryanın işi ilə müqayisə edərək, bunu “Tuşonka 2 əməliyyatı” adlandırıb. Manvel Qriqoryan erməni hərbçilərin “tuşonka” payını satmaqda ittiham olunurdu. Nəşr yazır ki, Balasanyan çirkli pulların yuyulmasında şübhəli bilinir. 2016-cı ildə dördgünlük savaş zamanı o, 80 milyon dram (təxminən 206 min dollar) mənimsəyib.

Separatçı rejim rəhbərinin yanında qondarma “anti-böhran şurası”nın sədri Tiqran Petrosyan dünən öz Feysbuk səhifəsində yazıb ki, 2016-cı ildə dördgünlük müharibə zamanı Qarabağa göndərilən siqaretlər bazarlarda peyda olub. Yayılan xəbərlərə görə, bu faktlar da Balasanyanın həbs materiallarına əlavə edilib. Lakin hələlik Balasanyanın həbsinin gerçək səbəbləri tam məlum deyil.

Akqabay