Azərbaycan və BƏƏ yeni saziş imzalayacaq
    • 19-07-2023, 09:43
    • 210

Azərbaycan və BƏƏ yeni saziş imzalayacaq

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinə isə, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirinin katibinin konsulluq məsələləri üzrə müavininin köməkçisi Faisal Lutfi rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Birləşmiş Ərəb Əmirlikləri ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında ümumvətəndaş, diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandum”u əsasında cari ilin 8 iyul tarixindən etibarən hər iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşlarına münasibətdə vizasız rejimin tətbiqi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsi aparan tərəflər, həmçinin iki ölkə arasında miqrasiya, ədliyyə və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2024-cü ildə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.