-
- 28-07-2023, 17:07
- 580
Azərbaycanda şəkər tozu bu tarixdə ucuzlaşacaq - EKSPERT
"Ümumiyyətlə yay aylarında şəkər tozunun qiymətinin artması, qıtlığın yaranması mütəmadi müşahidə olunan bir haldır. Tələbatın birdənbirə artması təbii ki, tədarük zəncirində müəyyən problemlərin ortaya çıxmasına gətirib çıxarır".
News24.az xəbər verir ki, bu sözləri son günlər şəkər tozunun bahalaşmasını şərh edərkən iqtisadçı Rəşad Həsənov dedi.
Statistik məlumatlara toxunan iqtisadçı bildirdi ki, ötən ildən kifayət qədər ehtiyat şəkər tozu qalıb:
"Sadəcə məsələ ondan ibarətdir ki, tədarük zənciri öz imkanlarını, maddi-texniki bazasını, nəqliyyat vasitələrini, logistika imkanlarını orta tələbat səviyyəsinə uyğunlaşdırır və tələbat artdıqda çətinliklər yaranır. Bu çətinliklər də qiymətlərin müəyyən qədər artmasına və qıtlığa gətirib çıxarır".
Onun sözlərinə görə, əksər hallarda pərakəndə ticarət mərkəzlərində şəkər tozunu təşviqedici məhsul növü kimi çox aşağı qiymətə təqdim edirlər. Belə şəraitdə qıtlıq yarandığı halda bu müəssisələr öz mənfəətlərini artırırlar və bu da qiymət artımlarına əlavə təsir göstərir:
"Böyük ehtimalla növbəti aylarda, xüsusən sentyabr ayından etibarən yenidən bu istiqamətdə tələb və təklif tarazlığı yaranacaq. Qiymətlərdə də kiçik ucuzlaşma müşahidə edilə bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, ölkədə ikirəqəmli inflyasiya tempi davam edir və bu da qiymətlərin əvvəlki səviyyəsinə qayıtmasına mane olur".
Aydan