AzTU tələbələri Almaniyada təcrübə keçiblər - FOTO
    • 1-08-2023, 16:49
    • 192

AzTU tələbələri Almaniyada təcrübə keçiblər - FOTO

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg) arasında əməkdaşlıq uğurla davam etdirilir.

News24.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Bir qrup xarici tələbənin Almaniyada tədris təcrübəsi 2023” proqramı üzrə qazanılmış təqaüd əsasında AzTU-nun bir qrup tələbəsi Alman mühəndislik fakültəsinin dekanı dos. Ərəstun Məmmədovun rəhbərliyi ilə BTU-da, həmçinin bir sıra tədris və istehsalat müəssisələrində təcrübə keçib.    

“Ekoloji təmiz məmulun layihələndirilməsi / Umweltfreundliches Produktdesign“ mövzusuna həsr edilən təcrübə müddətində AzTU tələbələri 4  qrupa ayrılıb.

Əvvəlcə tələbələrə mövzuya uyğun fərdi tapşırıqlar verilib. Praktiki məşğələlər BTU-nun Metalkəsən dəzgahlar kafedrasının müasir standartlar səviyyəsində təchiz edilmiş tədris və elmi-tədqiqat laboratoriyalarında keçirilib. Hər bir qrup üzrə nəticələr müzakirə edildikdən sonra təcrübənin ümümi nəticəsi haqqında DAAD üçün geniş hesabat hazırlanıb.
Daha sonra tələbələrin "neseef" beynəlxalq şəbəkəsi üzrə AzTU və BTU-nun tərəfdaş universiteti olan Polşanın Zielona Gora Universitetinə səfəri zamanı bu ali məktəbin müasir avadanlıqlarla təchiz edilmiş tədris və elmi-tədqiqat laboratoriyalarına baxış keçirilib. 
Təcrübə dərsləri çərçivəsində BTU-nun prezidenti professor Gesine Grande AzTU tələbələri ilə görüşüb, onların təəssüratları ilə maraqlanıb. Gesine Grandenin AzTU tələbələri ilə görüşü haqqında BTU-nun rəsmi feysbuk və instaqram səhifələrində də ətraflı məlumatlar verilib.
Təcrübənin sonunda tələbələrə sertifikat təqdim edilib.
Tələbələr Almaniyaya səfər çərçivəsində həftə sonlarında və təcrübədən kənar vaxtlarda bir sıra mədəni-kütləvi tədbirlərdə də iştirak ediblər. Belə ki, tələbələr Berlin şəhərində Reyxstaq və Brandenburg Qapısı, Drezden şəhərində Drezden Qalereyası (Dresdner Zwinger) və Semper Operası, Potsdam şəhərində tarixi Sanssouci Sarayı və s. kimi yerlərlə yaxından tanış olub, onlara Almaniyanın tarixi və mədəniyyəti haqqında ətraflı məlumat verilib.

Yeni tədris ilindən AzTU ilə BTU arasında ikili diplom proqramının icrasına başlanılacaq

Səfər çərçivəsində DAAD-nin “Rəqəmsal məmulların layihələndirilməsi və istehsalı / Digitale Produktentwicklung und Produktion” layihəsi çərçivəsində 2023/2024-cü tədris ilindən başlayaraq maşın mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı (tədris alman dilində) əsasında magistr hazırlığının tədris planı ilə bağlı yekun müzakirələr aparılıb. 

Müzakirələrdə BTU tərəfdən layihənin rəhbəri, Maşınqayırma, elektrik və enerji sistemləri fakültəsinin tədris işləri üzrə dekan müavini, Metalkəsən dəzgahlar kafedrasının müdiri professor Sylvio Simon və AzTU-nun Alman mühəndislik fakültəsinin dekanı Ərəstun Məmmədov iştirak edib. 

Magistratura səviyyəsində materialşünaslıq mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının BTU tərəfdən koordinatoru, Birləşmə və qaynaq kafedrasının müdir müavini (tədris və tədqiqat üzrə baş mühəndis) Ralf Ossenbrink ilə də görüş keçirilib. 

Bundan başqa, 4-5 dekabr 2023-cü il tarixlərində AzTU, BTU və Türkiyənin Qazi Universitetinin təşkilatçılığı ilə AzTU-da keçiriləcək “Maşınqayırma və enerji: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda II beynəlxalq elmi-praktik konfransına hazırlıq məsələləri də müvafiq qurumlarla ətraflı müzakirə edilib.