Azərbaycan Bəstəkarlar İttifaqı katibliyinin iclası keçirilib
    • 4-03-2019, 19:18
    • 1 357

Azərbaycan Bəstəkarlar İttifaqı katibliyinin iclası keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqında bu yaradıcı təşkilatın katibliyinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünün yekunlarına həsr olunmuş genişləndirilmiş iclası keçirilib.

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən News24.Az-a bildiriblər ki, həmin görüşdə müasir Azərbaycan mədəniyyətinin digər görkəmli nümayəndələri ilə yanaşı, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə də çıxış edərək respublika bəstəkarlar təşkilatının fəaliyyəti ilə bağlı aktual məsələlərə toxunub.
Görüşün yekunlarını müzakirə edən iclas iştirakçıları qeyd ediblər ki, bu yaradıcı təşkilatın bütün üzvləri onların yaradıcılıq fəaliyyətinə aid həqiqətən mühüm və həlli vacib olan məsələlərin qaldırılmasını və bu problemlərin ən yaxın vaxtda öz həllini tapacağını böyük ruh yüksəkliyi ilə öyrəniblər.
İclasda qeyd olunub ki, bəstəkarlar, yazıçılar, rəssamlar üçün mənzərəli Şabran rayonunda Yaradıcılıq Evinin tikiləcəyi xəbəri onların sevincinə səbəb olub. Bu, şübhəsiz ki, bəstəkarların və musiqişünasların yaradıcılığına əlavə stimul olacaq. Bəstəkarların və musiqişünasların mənzillə təmin olunacağı xəbəri də onları çox sevindirib.
Bəstəkarlar üçün daha bir əhəmiyyətli məsələ onların ərsəyə gətirdikləri musiqi əsərlərinin satın alınması, həmçinin müasir dövrün aktual məsələlərini əks etdirən əsərlərin dövlət sifarişləri əsasında yaradılması sisteminin bərpasıdır. Bu, dövlət strukturları tərəfindən musiqi bəstəçilərinin yaradıcılıq prosesinə diqqət və marağı əhəmiyyətli dərəcədə artıracaq.
Görüşdə qaldırılmış digər mühüm məsələ televiziya kanallarında verilişlərin tematik və janr tarazlığını tənzimləyəcək nüfuzlu bədii şuraların yaradılmasıdır. Onun həll olunması təkcə efirin bədii keyfiyyətinin yüksəldilməsi deyil, həmçinin akademik janrlarda işləyən Azərbaycan bəstəkarlarının yaradıcılığının gələcək təbliği və populyarlaşdırılması baxımından əhəmiyyətlidir.
Dövlətin mədəniyyət və incəsənət xadimlərinə qayğı göstərməsi, heç şübhəsiz ki, bəstəkarlarımıza yeni musiqi əsərləri yaratmaq, musiqişünaslara isə milli musiqi mədəniyyətimizə həsr olunmuş yeni kitablar yazmaq və tədqiqatlar aparmaq üçün ilham verəcək.