Xoşqədəmin adından yarım milyon manatlıq dələduzluq EDİLDİ
    • 4-08-2023, 12:00
    • 818

Xoşqədəmin adından yarım milyon manatlıq dələduzluq EDİLDİ

Aparıcı Xoşqədəm Hidayətqızının adından dələduzluq etməkdə təqsirli bilinərək 7 il həbs cəzası verilmiş telekanal əməkdaşı Ayxan Məmmədlinin şikayətinə baxılıb.

News24.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, iş üzrə dəymiş ziyanın bir hissəsinin ödənilməsi yumşaldıcı hal hesab olunmalıdır. Bu əsasla A.Məmmədlinin həbs müddəti 1 il azaldılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs aparıcı  “Xəzər TV”də müxtəlif vəzifələrdə işləyib. A.Məmmədli zərərçəkmişlərə Xoşqədəm Hidayətqızının verilişinə çıxaracağı, sosial evlərdən mənzil almağa kömək etmək, həbsdən adam çıxarmaq, televiza kanallarının təsərrüfat şöbəsində işə düzəltmək kimi yalan vədlər verərək dələduzluq edib. O, bütün işlərdə Xoşqədəm Hidyətqızının ona kömək edəcəyini deyib.

Cinayət işi üzrə X.Hidayətqızı istintaqda ifadə verib, onun adından deyilənləri təkzib edib. Məlum olub ki, təqsirləndirilən şəxs mərc oyunlarında külli miqdarda pul uduzub, vəziyyətdən çıxmaq üçün bu yola əl atıb.
Ayxan Məmmədli ümumilikdə 11 nəfərin 480 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

Fotoda: Ayxan Məmmədli