"Yango" azərbaycanlıların məlumatlarını Rusiyaya ötürür?
    • 9-08-2023, 16:02
    • 245

"Yango" azərbaycanlıların məlumatlarını Rusiyaya ötürür?

Bu günlərdə Norveç Məlumatların Mühafizəsi Təşkilatı, "Yango" taksi şirkətinin ölkə vətəndaşlarının şəxsi məlumatlarını Rusiyaya köçürdüyünü açıqladı. “Yango” tətbiqi digər məlumatlar arasında yer, gediş nöqtəsi və təyinat yeri haqqında məlumatları “emal edir” və bu məlumat Norveç vətəndaşlarının nəqliyyat hərəkətlərini potensial olaraq izləməyə imkan verir. Bu vəziyyətin məxfilik baxımından ciddi risk yaratdığını ifadə edən "Datatilsynet" "Yango"ya bu məlumatların Rusiyaya ötürülməsini qadağan edən yazılı bildiriş göndərdiyini və izahat üçün 14 avqust tarixinə qədər vaxt verdiyini bildirdib.

Bəs, görəsən Azərbaycanda vəziyyət necədir?

Mövzu ilə bağlı News24.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Fərid Kazımov bildirdi ki, Azərbaycan da daxil olmaqla müəyyən ölkələrdə sərnişinlərin şəxsi məlumatları Rusiyaya ötürülməsi mümkündür.

“Bu, isə qanun pozuntusudur. Çünki bizim qanunvericiliyimizə görə, Azərbaycan vətəndaşlarının məlumatları ölkə daxilində yerləşdirilməlidir. Hesab edirəm ki, bununla bağlı rəsmi açıqlama veriləcək. Çünki prossesin necə tənzimlənəcəyi sual altındadır. Bilirik ki, müasir dünyada məlumatlarımız servislər tərəfindən emal edilir və onların öz məqsədləri üçün istifadə edilir. Bunu tənzimləyən nəzarət mexanizmi olmalıdır. Və ölkə maraqlarına zərbə vurulmadan həllini tapmalıdır. Biz artıq rəqəmsal pasporta çevrilmişik”. 

F.Kazımovun sözlərinə görə, Rusiyada qanunvericilik dəyişib. Yeni qanunvericiliyə görə,  taksilərin, taksi sərnişinlərinin bütün məlumatları, onların oturduqları yer, getdikləri məsafə, marşrut və s. məlumatlar Rusiyanın təhlükəsizlik orqanlarına təqdim edilməlidir:

““Yango” “Yandex” mənşəli olduğu üçün məlumatlar yerləşdirilib və hesab etmək olar ki, tətbiq bir serverdən istifadə edib”.  

Arzu