8 mart qabağı orta məktəblərdə PULYIĞMA "təlatümü" - ARAŞDIRMA
    • 6-03-2019, 15:12
    • 1 860

8 mart qabağı orta məktəblərdə PULYIĞMA "təlatümü" - ARAŞDIRMA

8 mart Beynəlxalq Qadınlar günü ərəfəsindəyik. Yenə də bayram ovqatı, bayram sevinci - əlbəttə ki, xanımlar üçün! Amma bayramqabağı əksər xanım valideyinlərin qanları qaralmağa başlayıb. Çünki orta məktəblərdə bayramqabağı şagirdlərdən "ənənəvi" pul yığılması halları müşahidə olunmağa başlayıb...  

Bununla bağlı News24.az-a valideyn şikayəti daxil olub. Özünün və övladının anonim qalmasını istəyən valideyn bildirib ki, 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə övladlarının oxuduğu məktəbdən 50 manat pul yığılır. Qeyd edib ki, tələb olunan məbləği verməyə məcburdur. Şikayətçi bunun səbəbini belə açıqlayıb:

“Düzdür, müəllimlər birbaşa özləri pul yığmır. Amma valideyn komitəsinin sədri bu vəzifəni həyata keçirir. Çünki 8 mart günü pul yığılmadığı halda müəllim öz etirazını bildirir. Məsələn, hansısa formada pul verməyən şagirdləri incidir və yaxud onu gözdən salır. Bu səbəbdən hər kəs məcbur qalıb, tələb olunan məbləği verir. Elə ailələr var ki, eyni məktəbdə 2 ya 3 övladı təhsil alır. Belə olduğu halda, valideyn məcburiyyət qarşısında qalıb 100-150 manat verməli olur”.

Çoxsaylı israrımıza baxmayaraq, şikayətçi valideyn övladının incidilməsindən qorxduğu üçün məktəbin adını açıqlamaq istəmədi.

"Məcburi şəkildə hər hansı vəsaitin yığılması qeyri qanunidir"

Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Şikayətə münasibət bildirən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, əgər bununla bağlı şikayət varsa, amma anonim olmadan nazirliyə müraciət olunsun:

“Kimdənsə pul tələb ediblərsə, kiminsə qarşısına bununla bağlı tələb qoyulubsa, anonim olmadan, bununla bağlı Təhsil Nazirliyinin qaynar xəttinə müraciət edə bilərlər. Amma ümumu demək ki, hansısa məktəbdə pul yığılır, bu, düzgün deyil. Hər bir şikayətin hədəfi, müraciət forması olmalıdır. Əgər valideyn konkret olaraq filan məktəbdə hansı müəllim ondan pul istədiyini şikayət etsə, biz də bununla bağlı cavab tədbiri görərik. Nazirin mövqeyini hər kəs bilir”.

Cəsarət Valehov qeyd etdi ki, valideyn könüllü olaraq öz vəsaitindən məktəbə köməklik edə bilər:
“Məktəbdə hər hansı vəsaitlərin yığılması könüllü olursa, bu, başqa məsələdir. Yəni, valideyn vəsaitindən öz istəyi ilə məktəbə könüllü köməklik edə bilər. Amma məcburi şəkildə hər hansı vəsaitin yığılması qeyri qanunidir. Biz bununla da bağlı dəfələrlə açıqlamalar verib öz fikirlərimizi bildirmişik. Nazirin də bununla bağlı fikirləri hər kəsə məlumdur”.

"Təhsil Nazirliyinin bu tipli halların qarşısını almaqda ciddi mövqe ortaya qoymaması o anlama gəlir ki,.."

Şikayətçi valideynin dediklərinində doğruluq payının olduğunu təstiqləyən təhsil eksperti Kamran Əsədov hesab edir ki, ölkədə fəaliyyət göstərən orta məktəblərdə hər əlamətdar günlər vaxtı şagirdlərdən pul yığılması adət halına çevrilib:
“Təkcə əlamətdar günlər münasibəti ilə bağlı orta məktəbdə pul yığılması bitmir. Hətta məktəb direktorunun və sinif rəhbərinin ad günü, yas mərasimi, xəstəxana xərcləri üçün də bəzi məktəblərdə pul yığılır. Təhsil Nazirliyi isə bu kimi hallara qarşı ancaq tövsiyə xarakterli, ümumi mövqe bildirir. Qeyd edim ki, orta məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılması qanunvericilik aktlarına ziddir və bu, yolverilməzdir”.

Ekspert bildirdi ki, hələ də bir çox məktəblərdə təhsil alan şagirdlərdən dövlət büdcəsinin vəsaiti hesabına təmin olunmuş məsələlərə görə pul yığılır. Kamran Əsədov onu da əlavə etdi ki, Təhsil Nazirliyinin bu tipli halların qarşısını almaqda ciddi mövqe ortaya qoymaması o anlama gəlir ki, özləri də bu kimi halların baş verməsində maraqlıdırlar:

“Acınacaqlı hal ondan ibarətdir ki, hər il bayramlar münasibəti ilə şagirdlərdən yığılan pulların məbləği artır və bu da bir çox ailələrin büdcəsinə ciddi şəkildə zərbə vurur. Heç də bir sinifdə oxuyan şagirdlərin hamısının maddi imkanı eyni deyil. Xoşagəlməz hal ondan ibarətdir ki, maddi imkanı az olduğuna görə bayramlarda pul verməyən şagirdlərə qarşı sinif rəhbəri, məktəb direktoru, direktor müavini çox pis davranır, ona qarşı sərt mövqe nümayiş etdirilir”.

Ekspert qeyd etdi ki, son illərdə texnoloji inkişaf məktəblərdə pul yığımı kompaniyasında struktur dəyişikliyinə gətirib çıxarıb:
“"Bu gün məktəblərdə valideyn komitələri adlı “qurumlar” var. Hansı ki, onlar uşaqların təhsil almasına diqqət etməkdənsə, sinifdəki şagirdlərdən hər hansı bayram şənliyinin təşkili, xüsusi günlərdə müəllimlərə hədiyyələr alınması, bir sıra məqsədlər üçün pul yığımını təşkil edirlər. Məktəblərdə qeyri rəsmi fəaliyyət göstərən müəllim-valideyn assosiasiyaları var ki, həmin “quruma” rəhbərlik bir və ya iki valideynə tapşırılır. Bu “rəhbər”lər müasir texnologiyadan istifadə etməklə "whatsapp" qrupları yaradır və həmin qruplarda pul yığımını həyata keçirirlər. Belə olan zaman müəllim özü birbaşa həmin prosesdə iştirak etmir. Nazirlik tərəfindən bu istiqamətdə tədbirlər həyata keçirilir. Amma yaxşı olardı ki, nazirlik tərəfindən anonim sorğular da qeydə alınsın. Əgər hansısa məktəbdə belə bir fakt varsa, o zaman müəllimənin adını verməklə prosesi aydınlaşdırmaq olar. Çünki əsasən pul yığımları kiçik siniflərdə baş verir. Yuxarı sinif şagirdləri belə faktlar olanda onu sosial şəbəkədə yazır, mətbuata ötürə bilirlər. Lakin kiçik uşaqların belə imkanları olmadığı üçün onlarda pul yığımı hallarına rast gəlmək mümkündür”.

Kamran Əsədovun fikrincə, əlamətdar günlər zamanı nazirlik tərəfindən monitorinqlər aparılmalı, təhsil müəssisələrinin qarşısında uşaqlardan bu haqda soruşulmalıdır:
“Fakt üzə çıxdığı zaman cəza tədbirləri görülməlidir. Sovet dövründə çox nadir hallarda hansısa məktəbdə bu cür hallara rast gəlmək olardı. Yalnız valideynin öz istəyi ilə müəllimə hər hansı hədiyyə verilirdi. Təkcə 8 martda deyil, digər bütün bayramlarda şagirdlər müəllimlərinə müxtəlif forma və rəngdə olan açıqcalar verərdilər. Həmin açıqcada onlar müəllimlərinə arzularını yazırdılar və bu da müəllim üçün böyük hədiyyə sayılırdı”. Təhsil eksperti əlavə edib ki, xarici ölkələrdə isə müəllimlərə pul vermək, onları təhqir etmək deməkdir: “Məsələn, Rusiyanın Voronej şəhərində bayram günlərində, xüsusən 8 martda şagirdlər müəllimlərə ya gül dəstəsi, ya da öz əl işlərini hədiyyə edirlər. Bu da müəllimlər üçün çox qiymətli bir hədiyyə sayılır”.

Sevinc YASİNQIZI