"Qarabağda hərbi əməliyyatların ehtimalı artır" - HƏRBİ EKSPERT
    • 14-08-2023, 14:44
    • 400

"Qarabağda hərbi əməliyyatların ehtimalı artır" - HƏRBİ EKSPERT

“2024-cü ildə Ermənistanı sülhə gətirmək üçün Qarabağda konkret hərbi əməliyyatların keçirilmə ehtimalı daha da artacaq”. 

News24.az-ın məlumatına görə, bunu RTV-yə hərbi ekspert Ramil Məmmədli bildirib. O, deyib ki, rəsmi İrəvanın sülh prosesindəki təxribat xarakterli manevrləri onların Qərb təsisatlarından aldığı gücün nəticəsidir. 

R. Məmmədli Ermənistan tərəfinin şərti sərhəddə həyata keçirdiyi mühəndis-istehkam işlərinə də toxunub. Onun sözlərinə görə, həmin işlərin müdafiə təyinatlı olub-olmadığına aydınlıq gətirilməlidir:

"Bundan əlavə, həmin ərazilərdə yeni hərbi hissələr yaradılması da Ermənistanın həmin istiqamətlərdə hərbi cəhətdən möhkəmlənməyə xidmət edən addımlarıdır. Hesab edirəm ki, bütün bunlar yarana biləcək hərbi gərginliyə hazırlıq xarakteri daşıyır. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də Ermənistan təxribatlar həyata keçirməkdə israrlıdır. Azərbaycan müharibədən ötən dövr ərzində bir neçə dəfə antiterror əməliyyatları həyata keçirib. Çox güman ki, bundan sonra da ermənilərin daxildəki atəş nöqtələrinin susdurulması üçün əməliyyatlar keçirilə bilər. 2024-cü il olduqca gərgin dövr olacaq və Ermənistanı sülhə gətirmək üçün konkret hərbi əməliyyatların keçirilmə ehtimalı daha da artacaq. Artıq bu əməliyyatların keçirilməsi istisna olunmur”.

Fərid Azəri