Vayner Rəsul rejissora pul atıb? - AÇIQLAMA
    • 6-03-2019, 18:26
    • 4 836

Vayner Rəsul rejissora pul atıb? - AÇIQLAMA

Rejissor Rafael Bağıroğlu vayner Rəsul Abbasovdan şikayət edib.

News24.az-a danışan rejissor R.Abbasovun onun qonorarını ödəmədiyini bildirib.

Vaynerlər Mənsur Şərif, Rəsul Abbasov, Əlixan Rəcəbli, Sabir Samiroğlu və Altun Mətləboğlunu ilk dəfə özünün  “3 badam 1 qoz” filmi ilə kinoteatrlara gətirdiyini vurğulayan R.Bağıroğlu ekran işinin uğurlu olduğunu, 80 min manat gəlir əldə etdiyini, lakin aktrisalar Cəmilə Tağızadə, Nigar Babayeva, Mila Əminə və Sevinc Şirinovanın qonorarının şikayət etdiklərindən sonra ödənildiyini açıqlayıb.

Rafael Bağıroğlu hazırda eyni problemlə özünün qarşılaşdığını bildirib. O, “İki mal” filminə görə ona vəd edilən qonorarın tam ödənilmədiyini deyib:
“Rəsul Abbasov və qardaşı Aqşin Abbasov məni rejissor kimi “İki mal” filminə dəvət edib. Qonorarım isə 15 min AZN deyilmişdi. Filmi çəkib təhvil vermişəm. Deyir ki, sponsordan cəmi filan qədər pul almışam. 15 min manatdan cəmi 3 mini mənə ödənilib. Bir neçə müddətdən sonra pulun qalan hissəsini istəmək üçün onlarla əlaqə saxlamağa cəhd etdim, lakin heç biri telefonuma cavab vermədi. Daha sonra vəkilim onlarla əlaqə saxladı. Cavabında isə “Nə istəyirsinizsə edin. Onsuz da Rafaellə müqaviləmiz yoxdur”-dedilər.

Nəzərinizə çatdırım ki, Rəsul Abbasovun heç kimlə müqaviləsi yoxdur. Dövlət vergisi verilməyib. Yəni, filmdə 30 nəfərdən artıq insanın əməyi olub.
Orada-burada şaiyələr yayırlar ki, guya filmin sahibi mənəm. Əgər ekran işi mənim adıma olsaydı, gərək bütün işçilərlə müqaviləm olmalı idi. Olmasa, vergidən yayındığıma görə mənə cinayət işi düşür. Bu barədə Vergilər Nazirliyinə müraciət olunacaq. Hətta “YouTube”da belə film ““RA media” təqdim edir” başlığı ilə yayımlanır.

Daha sonra mən onların atası ilə əlaqə saxladım. Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Polis işçisidir. O da dedi ki, pulum yoxdur. Nə istəyirsən et.
Onu da qeyd edim ki, filmin rənglərini işləyən Nicat Zeynallının, aktrisalar Günel və Nəzakət Məmmədovaların da pulu ödənilməyib.
Efirlərdə qazanclarından danışır. Allah daha da bol etsin. Amma halallıq yaxşı şeydir.

Təbii ki, vəkilim müəyyən qurumlara müraciət edib. Bu məsələ inşallah öz həllini tapacaq”.

Məsələ ilə bağlı Rəsul Abbasovla əlaqə saxladıq. Mobilə cavab verən Rəsulun qardaşı Aqşin Abbasov bunları deyib:

“Rafael Bağıroğlu Daxili İşlər Nazirliyinə müraciət edib. Bizi çağırmışdılar və izahatımızı vermişdik. Araşdırma nəticəsində bizim doğru olduğumuz üzə çıxdı. Hətta R.Bağıroğlu məhkəməyə də müraciət edib. Sübut və dəlilsiz olduğu üçün onun müraciətinə baxılmayıb. Onun bizə şər atdığı ortaya çıxıb. Yəni, əl atdığı hər yerdə biz düzgün çıxmışıq.

Qaldı ki, atama zəng etməsinə, o heç valideynimin nömrəsini bilmir. Həm də ki, biz o yaşda deyilik axı atamız bizə görə cavabdeh olsun. Əslində, ailəmiz bu məsələdən xəbərsizdir.

Filmin Rəsulun adına olmasına gəlincə, Rafaelin VÖEN-i olmadığı üçün film Rəsulun VÖEN-i ilə rəsmiləşdirilib”.

Teymur MƏMMƏDOV