"Real şərait Azərbaycanın anti-terror əməliyyatlarına başlamasını qaçılmaz edir" - HƏRBİ EKSPERT
    • 15-08-2023, 11:43
    • 291

"Real şərait Azərbaycanın anti-terror əməliyyatlarına başlamasını qaçılmaz edir" - HƏRBİ EKSPERT

Xəbər verdiyimiz kimi,Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər. Bundan başqa Qarabağda separatçıların hərbi texnika topladığı və atəş mövqeləri hazırladığına dair görüntülər də yayılıb. Müdafiə Nazirliyi də qanunsuz silahlı birləşmələrinin aktivliyi, bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası daşınması, xüsusilə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirilməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırılması faktları barədə də məlumat yaydı. İstər Ermənistan, istərsə də Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə erməni təxribatların artması haqlı olaraq Azərbaycan cəmiyyətində narahatlıq yaradıb.


Mövzu ilə bağlı News24.az-a açıqlama verən həri ekspert Ədalət Verdiyev qeyd etdi ki, Vətən müharibəsinin başa çatmasından üç ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, bugünkü günə qədər də Ermənistan birgə bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:

"Eyni zamanda, Ermənistan həm ərazi bütövlüyünü tanıdığı Azərbaycanın Qarabağ bölgəsindən öz silahlılarını tam heyətlə çıxarmır və Azərbaycan ərazilərinə keçmək üçün Laçın yolunu seçməklə Azərbaycana qarşı həm təzyiqlərini, həm də ərazi iddialarını davam etdirir".

Ekspert bildirdi ki, Ermənistan tərəfinə sülh lazım deyilsə, o zaman bu, Azərbaycana da lazım deyil:

"Əgər Ermənistan sülhün alternativi olan müharibə yolunu seçirsə, deməli, Azərbaycan istəsə belə heç bir halda sülhü seçə bilməz".

Ə.Verdiyevin sözlərinə görə, nə qədər sərhəddə və Qarabağ ərazisində on yeddi dəfə məğlubiyyətə düçar qalan Ermənistan öz fəaliyyətləri barədə çox ciddi korreksiyalara yol verməlidir:

"Əks halda Ermənistanın cəzalanması bu revanşist niyyətlərə düşən Paşinyan komandasının və onun havadarlarının çox ciddi itkilərə məruz qalması ilə nəticələnəcək. Bu demək olar ki, real şərait Azərbaycanın anti-terror əməliyyatlarına başlamasını tamamilə qaçılmaz edir".


Aydan