"Qarşıdakı illərdə keçid balları yüksələcək" -  Ekspert
    • 15-08-2023, 18:20
    • 365

"Qarşıdakı illərdə keçid balları yüksələcək" - Ekspert

Əvvəlki illərlə müqayisədə ali məktəblərə qəbul ballarının aşağı düşdüyünün şahidi oluruq. Öncəki illərdə aşağı bal toplayan abituriyent ödənişsiz təhsil ala bilmirdisə, artıq bu il qəbul olan hər iki abituriyentdən biri ödənişsiz təhsil ala biləcək. Lakin bu, cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkədə gedən müzakirələrdə az bal toplayan abituriyentin ödənişsiz təhsil almasının düzgün olmadığı vurğulanıb.

Mövzu ilə bağlı News24.az-a danışan təhsil eksperti Elçin Süleymanlı bildirdi ki, az balla ödənişsiz təhsil almaq cəmiyyətdə ali savadlı şəxslərin sayının artmasına səbəb olacaq:

"Abituriyentlərin nəticələri əvvəlki illərlə müqayisədə aşağı düşməyib. Sadəcə hazırda ali təhsil müəssisələrinə tələbələrin qəbul sayı artırılır. Bu, təhsilin inkişafı ilə əlaqəli dövlət proqramında strategiyada nəzərdə tutulan nüanslardır. Belə olan halda cəmiyyətdə daha çox ali təhsilli şəxs olacaq. Bəzən ictimaiyyətdə səhv başa düşülür ki, ali təhsil alan şəxslərin mütləq hamısı işlə təmin olunmalıdır. Elə Avropa ölkələri var ki, ali təhsillilərin sayı kifayət qədərdir. Bu ölkələrdə işə qəbulun öz qaydaları var. Bizdə bu, bəzi sahələrə tətbiq olunur. MİQ sistemi buna misal ola bilər".

Ekspert əlavə etdi ki, ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı artırılır:

"Bu il qəbul olan iki abituriyentdən biri dövlət sifarişi ilə oxuyacaq. Xüsusilə texniki sahədə demək olar ki, qəbul olunan əksər abituriyentlər dövlət sifarişi ilə təhsil alır. Bu sahənin mütəxəssislərinə ciddi ehtiyac duyulur və düşünürəm ki, bu ixtisasa qəbul olan abituriyentlərə şərait yaradılmasının ancaq müsbət nəticələri olacaq".

E. Süleymanlının sözlərinə görə, bu il düzgün seçim edən 150 baldan yuxarı bal toplayan abituriyentlərin heç biri kənarda qalmayacaq:

"Hər il ali təhsil müəssisələrində plan yerlərinin artırılması müəyyən qədər keçid ballarını azaldacaq. Amma bu, müvəqqəti xarakterlidir. Qarşıdakı illərdə keçid balları yüksələcək".

Qumral Əliyeva