Bu gün millət vəkili Qənirə Paşayevanın doğum günüdür
    • 7-03-2019, 15:08
    • 1 560

Bu gün millət vəkili Qənirə Paşayevanın doğum günüdür

Bu gün Milli Məclisin gördüyü işlərlə seçilən millət vəkillərindən olan Qənirə Paşayevanın doğum günüdür.

News24.az xəbər verir ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1998-ci ildən ANS-in "Xəbərlər xidməti"ndə bir sıra vəzifələrdə çalışdıqdan sonra redaksiyanın baş redaktor müavini olub.

2005-ci ildən isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. Eyni ildə Milli Məclisə üzv seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

10 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü kimi ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha geniş yayılmasında böyük xidmətləri olub. Xüsusilə də, son zamanlar Türkiyənin bir çox şəhərlərində Xocalı soyqırımı və Qarabağ həqiqətləri ilə bağlı apardığı genişmiqyaslı təbliğat diqqəti daha çox cəlb edir.

"Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən", "Qarabağ hekayələri" və s. kitabların və onlarla məqalənin müəllifidir. Gürcüstanın fəxri vətəndaşıdır. Subaydır. Firuzə adlı mənəvi qızı var. News24.az  kollektivi olaraq Qənirə xanımı təbrik edir, gələcək fəaliyyətində ona uğurlar arzu edirik!