Vaqif Xaçaturyanın cəzası bunlar olacaq – Deputat AÇIQLADI
    • 19-08-2023, 15:55
    • 316

Vaqif Xaçaturyanın cəzası bunlar olacaq – Deputat AÇIQLADI

1992-93-cü illərdə Qarabağda, Meşəli kəndində azərbaycanlılara divan tutan, onları işgəncələrlə öldürən, yaşadıqları ərazidən didərgin salan Vaqif Xaçaturyanla bağlı müzakirələr davam edir. Ermənistan və separatçı rejim V.Xaçaturyanın günahsız olduğunu isbatlamağa çalışır. Lakin faktlar başqa şeylərdən xəbər verir.

Bu cür ağır cinayətlər törətmiş şəxsə hansı cəza tətbiq oluna bilər?

Globalinfo.az-a qanunu izah edən deputat Bəhruz Məhərrəmov deyib ki, Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə soyqırım, 358 nəfər azərbaycanlını hüquqi əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmaqla isə Məcəllənin 107-ci maddəsi üzrə əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətlərini törətməkdə təqsirləndirilən hərbi cani Vaqif Xaçaturyanın ən ağır cəzaya məhkum edilməsi barədə cəmiyyətdən tələblərin səslənməsi başa düşüləndir.

“Xaçaturyanın cinayət işi üzrə istintaq materiallarına da diqqət yetirdikdə onun Meşəlidə, Xocalıda və bütövlükdə Birinci Qarabağ müharibəsi dövründə ağlasığmaz vəhşiliklər törətdiyinin çoxsaylı təkzibedilməz sübutlarını görə bilərik. Təbii ki, bu, hələlik malik olduğumuz sübutlardır. Lakin istintaqın gedişində əlavə dəlillərin ortaya çıxacağı şübhəsizdir və hətta mümkündür ki, təqsirləndirilən şəxs qismində ona qarşı irəli sürülən ittihama əlavə maddələr də daxil edilsin. Ümumilikdə Xaçaturyana hansı cəzanın təyin edilməsi məhkəmədən asılıdır, lakin onun qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanaraq kifayət qədər ədalətli, həm də layiqli cəzaya məhkum ediləcəyi heç kimdə şübhə doğurmamalıdır”.


Bəhruz Məhərrəmov

B.Məhərrəmov deyib ki, ittiham olunduğu Cinayət Məcəlləsinin 103-cü maddəsi üzrə, Xaçaturyanı on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə, Məcəllənin 107-ci maddəsi üzrə isə on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir:

“Cinayətlərin sayı çox olduğu üçün isə Xaçaturyana cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Yəni bu halda məhkəmə qanunvericiliklə müəyyən edilən qaydaya uyğun şəkildə, hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göründüyü kimi, Xaçaturyanın ittiham edildiyi cinayətlərin məcmusuna yalnız ağır və ya xüsusilə ağır cinayətlər daxildir.

Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Göründüyü kimi, təqsir üzrə cinayətlərdən birinə görə, konkret desək, 103-cü maddəyə görə ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulur. Qanunvericilik bu halda digər cəzaları daha ciddi cəza olan ömürlük azadlıqdan məhrumetmə ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməsini məzərdə tutur”.

Millət vəkili deyib ki, Azərbaycan cinayət qanunvericiliyinə əsasən, ən ağır cəza növü ömürlük azadlıqdan məhrum etmədir:
“Bu cəza növü yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. Xaçaturyanın təqsirləndirildiyi əməllər də məhz bu təsnifatı ehtiva edir. Lakin Cinayət Məcəlləsinin 57.2-ci maddəsinə əsasən, qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmir.

Yəni bugünkü qanunvericiliyimiz bizə 68 yaşlı Xaçaturyanı ömürlük məhkum etməyə imkan vermir. Ömürlük azadlıqdan məhrumetmə cəzası istisna edildiyi üçün cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə qəti cəzanın ən yuxarı müddəti olan iyirmi il azadlıqdan məhrumetmə cəzası ağlabatan hesab edilir.

Təbii ki, cəza müstəsna olaraq məhkəmənin səlahiyyətində olan məsələdir və Azərbaycan Respublikası adına bu barədə yekun qərarı hökmdə ifadə olunacaq. Sadəcə, ehtimal edə bilərik ki, Xaçaturyanın hər gününü peşmançılıq içində, layiq olduğu qanuni məhrumiyyətlərə məruz qalaraq 20 il civarında həbsxanada “yaşamağa” məhrum edilməsi ağlabatandır.

Təbii ki, bəziləri bu cəzanın Xaçaturyan üçün az olduğunu düşünə bilər. 30 il soyqırım və erməni təcavüzünə məruz qalmış, torpağı işğalda saxlanmış toplumdan bu əməlləri törətmiş Xaçaturyana münasibətdə təmkinli davranmasını tələb etmək asan deyil. Lakin unutmayaq ki, biz qisasımızı döyüş meydanında almışıq, bu gün isə demokratik, hüquqi dövlət olaraq hüquq müstəvisində lazımi addımlar atılır”.

B.Məhərrəmov deyib ki, biz cəmiyyət olaraq hansısa caniyə görə hüquq konsepsiyamızdan çəkilə, konstitusion niyyətlərimizə kölgə sala bilmərik:
“Əsas olan odur ki, biz artıq erməni canilərini azərbaycanlılara qarşı törətdikləri çoxsaylı əməllərə görə cəzalandırmağa başlamışıq. Bildiyiniz kimi, möhtərəm Prezident də dəfələrlə bəyan etmişdi ki, əli azərbaycanlıların qanına batmış bütün canilər cəzalarını alacaq. Xaçaturyanın yaxalanması ilə Azərbaycan göstərdi ki, heç nə unudulmur və dövlətimiz müharibə cinayətlərinə hüquqi qiymətin verilməsi, o cümlədən 30 illik bir dövrdə sülh və insanlıq əleyhinə cinayətlər törətmiş hər bir cinayətkarın ifşa olunaraq məsuliyyətə cəlb edilməsində nə qədər qətiyyətlidir”.