-
- 26-08-2023, 11:12
- 719
Nəcməddin Sadıkova bağlı üç maliyyəçi polkovnikin məhkəməsi BAŞLAYIR
Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən vəzifəli şəxslərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
News24.az APA-ya istinadla xəbər verir ki, cinayət işi materialları məhkəməyə göndərilib. Cinayət işi Bakı Hərbi Məhkəməsində baxılacaq.
Təqsirləndirilən şəxslər - Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işləri ayrı-ayrılıqda icraata verilib.
Qeyd edək ki, iki polkovnikə - Fikrət Mirzəyevə və Məlikməmməd Qurbanova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanova isə 179.4, 341.2.1 və digər maddələr ilə ittiham irəli sürülüb.
Polkovnik Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin, polkovnik Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, polkovnik Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Hər üç polkovnik 2022-ci ilin əvvəlində həbs ediliblər.
F. Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb.
M.Qurbanov 27.08.2019-cu il tarixində xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq ehtiyata buraxılıb. M.Şirvanov polkovnik M.Qurbanovdan əvvəl bu vəzifədə çalışıb.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Musavat"a deyib ki, ötən il gerçəkləşən həbslər cəmiyyətdə geniş rezonans yaradıb: “Bu əməliyyatlar Azərbaycanın Müdafiə Nazirliyi sistemində çox böyük bir korrupsioner şəbəkənin olduğunu ortaya qoydu. O zaman DTX nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi, general Nizami Məmmədov daxil, xeyli sayda yüksəkvəzifəli və yüksəkrütbəli zabitləri həbs etdi. Dövlət Təhlükəsizliyi Xidmətinin Müdafiə Nazirliyində və tabeliyindəki qurumlarda həyata keçirdiyi əməliyyatlarla nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə və Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov saxlanıldılar. İctimaiyyət üçün açıqlanan rəsmi məlumatlarda həbs olunanların dövlət büdcəsindən ordu üçün ayrılan on milyonlarla manat vəsaiti korrupsiya yolu ilə mənimsədikləri üzə çıxdı. Nazirlikdə yoxlamalar və həbslər başlayanda deyilirdi ki, yekun olaraq Nəcməddin Sadıkov və digər şəxslər də tutulacaq. Amma bu ictimai arzu həyata keçmədi. Belə aydın oldu ki, ən səthi yoxlamalarla ölkənin müdafiəsinə ayrılan 20 milyon manatın çırpışdırılması müəyyən edilib. Əlbəttə ki, həbs olunanlar bu cinayətləri bir günün içində törətməyiblər. Həbs edilməyəcəklərinə arxayın olublar”.
Hüquqşünas deyib ki, bu cinayətlərin illərlə davam edib və buna şərait yaradan, hamilik edənlər olub: “Saxlanan hərbçilər belə bir miqyasda mənimsəməni təkbaşına həyata keçirə bilməzdilər. Bu qədər vəsaitin ələ keçirilməsinin Nəcməddin Sadıkovun rəhbərliyi ilə baş tutması haqda iddialar var. Çox təəssüf ki, bu məsələlər araşdırılmır. Mətbuatda belə məlumatlar var ki, Müdafiə Nazirliyinə ayrılan külli miqdarda büdcə vəsaitinin 10 faizi Nəcməddin Sadıkova çatıb. Söhbət 200-300 milyon manatdan gedir. Bu məsələlər araşdırılmalıdır. Həbs olunan polkovniklər icraçılardır. Müdafiə xərclərinə əl uzadan hər kəsin qolu kökündən kəsilməlidir. İcraçıları həbs etməklə bu cinayətlərin qarşısını almaq mümkün olmayacaq. Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi hər zaman sırf Nəcməddin Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxs olub. Bu məlumatlar araşdırılsa, Nəcməddin Sadıkov həbs olunmalıdır”. Hüquqşünas deyir ki, hər kəs bilir ki, o qədər büdcə vəsaitini hansısa idarə rəisi götürüb cibinə qoya bilməzdi: “İstintaq belə bir miqyaslı mənimsəmənin illərlə necə davam etməsi sualına aydınlıq gətirməlidir. İlkin məlumatlardan belə aydın olur ki, bu qədər vəsaiti mənimsəmək üçün uzun müddət sistemli iş aparılıb. Polkovniklərin məhkəməsi istintaqın hansı şəkildə aparıldığını, cinayətin hara qədər araşdırıldığını ortaya qoyacaq”.