Rumıniya mətbuatında ermənilərin insanlığa qarşı cinayətləri barədə məqalə yayımlanıb
    • 31-08-2023, 01:33
    • 119

Rumıniya mətbuatında ermənilərin insanlığa qarşı cinayətləri barədə məqalə yayımlanıb

Rumıniyanın “Centru de Presa” nəşri Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Bu gün Beynəlxalq İtkinlər Günüdür” sərlövhəli məqaləsini yayıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşının itkin düşmüş şəxs kimi qeydiyyata alındığı bildirilir. Vurğulanır ki, Ermənistan bir çox beynəlxalq hüquq normalarını kobud şəkildə pozub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, əksinə, onlar girov götürülüb. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitləri belə Azərbaycan tərəfinə təqdim edilməyib.

Bildirilir ki, bu işgəncələri həyata keçirən ermənilər tarixdə misli görünməmiş Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifi olub. Ermənilər bununla da itkin düşmüş vətəndaşlarımızın qanun qarşısında şəxsiyyət kimi tanınmaq, azadlıq, toxunulmazlıq və yaşamaq hüquqlarını pozublar.

Məqalənin sonunda diqqətə çatdırılır ki, Azərbaycan beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" ilə bağlı iki ildən bir qətnamə qəbul edilir. Azərbaycan eyni zamanda BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən "Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında" adlı qətnamənin əsas təşəbbüskarıdır.