-
- 31-08-2023, 16:30
- 212
"Erməni kilsəsi bölgədə revanşizmi körükləyir" - Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mixail Yevdikimovu qəbul edib.
News24.az xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidmətindən bildirilib.
Şeyxülislam A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsi arasında səmərəli dinlərarası əməkdaşlıq əlaqələrinin mövcudluğundan məmnunluğunu qeyd edib. Bildirilib ki, bu əlaqələr dinlərarası dialoqun gözəl nümunəsi olmaqla xalqlarımız arasında qarşılıqlı anlaşma mühitini dərinləşdirir və bölgəmizin mənafelərinə xidmət edir.
Şeyxülislam A. Paşazadə Rus Pravoslav Kilsəsinin uzun illər ərzində dinlərarası dialoq müstəvisində nümunəvi fəaliyyətinə toxunaraq Patriarx Kirillin vasitəçiliyi ilə baş tutan dini liderlərin dialoqları sayəsində zamanında Ermənistan-Azərbaycan münaqişəsinin dini qarşıdurma xarakteri almasının qarşısı alındığını xüsusi qeyd edib.
Dini liderlərin sülh yönündə səylərinin davam etdirilməsinin mühümlüyünə vurğu edən Şeyxülislam təəssüflə qeyd edib ki, erməni kilsəsi bölgədə sülhün bərqərarı istiqamətində deyil, revanşizmi körükləmək yönündə fəal iş aparır, antiazərbaycan kampaniyasının önündə gedərək beynəlxalq dini platformalardan sui-istifadə edir.
Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibətlərlə yanaşı dini-mənəvi əlaqələrin də mövcud səviyyəsindən razılıq ifadə olundu.
Rusiyanın ölkəmizdəki səfiri M.Yevdakimov Rusiya ilə Azərbaycan arasında geniş spektr üzrə münasibətlərin hər iki dövlətin mənafeləri naminə uğurla davam və inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Rusiyada Azərbaycanın regionda vəziyyətin və iqtisadi əlaqələrin normallaşması ilə bağlı mövqeləri bütün tərəflər üçün faydalı kimi yüksək qiymətləndirilir. Rusiya bölgədə sülhün davamlı olması, habelə Qızıl Aypara xətti ilə humanitar yükün Ağdam-Xankəndi yolu ilə keçirilməsi istiqamətində öz səylərini əsirgəmir.
Dövlət başçılarımızın səyləri sayəsində ölkələrimiz arasında çoxtərəfli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edən rusiyalı səfir Pus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası dialoq çərçivəsində nümunəvi dini-mənəvi əlaqələrin mövcudluğunu yüksək qiymətləndirib. Görüşdə xalqlarımız, dövlətlərimiz arasında mövcud dostluq, qardaşlıq, strateji əməkdaşlıq bağlarının qorunub saxlanılması, inkişaf etdirilməsinin vacib olduğu qeyd olunub.
Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov iştirak edib.