“Dinlər sülh uğrunda” Beynəlxalq Təşkilatının sədri Azərbaycana gələcək
    • 11-03-2022, 14:22
    • 1 535

“Dinlər sülh uğrunda” Beynəlxalq Təşkilatının sədri Azərbaycana gələcək

Martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Dinlər sülh uğrunda” Beynəlxalq Təşkilatının sədri xanım Azza Karamla videokonfrans formatında onların təklifinə əsasən görüş keçirib.

QMİ-nin Mətbuat Xidmətindən News24.az-a verilən xəbərə görə, görüşdə xanım A.Karam Şeyxülislam A. Paşazadəni dünya miqyasında nüfuzlu dini lider, beynəlxalq dinlərarası əməkdaşlıq müstəvisində böyük səyləri və təşəbbüsləri ilə tanınan dini-ictimai xadim kimi tanıdığını və onun fəaliyyətinə böyük dəyər verdiyini bildirib.

Xanım A.Karam rəhbərlik etdiyi beynəlxalq təşkilatın belə bir şəxsiyyətə, onun təcrübəsinə və müdrikliyinə böyük ehtiyac duyduqlarını və bu məramla Qafqaz Müsəlmanları İdarəsinin sədrini “Dinlər sülh uğrunda” beynəlxalq qurumuna Qəyyumlar şurasına üzv qəbul etmək niyyətlərini ifadə edib. Xanım A.Karam bu yaxınlarda bununla bağlı müvafiq rəsmi məktubu Şeyxülislam A. Paşazadəyə ünvanlayacaqlarını bildirib.

QMİ sədri A.Paşazadə bu təklifi səmimiyyətlə qarşılayıb və uzun onilliklər ərzində sülh və qarşılıqlı anlaşma yönündə fəaliyyəti ərzində qazandığı təcrübəyə verilən dəyəri yüksək qiymətləndirib.

Şeyxülislam A. Paşazadə Azərbaycanın erməni işğalından azad olunmuş Qarabağ torpaqlarında vandalizmə məruz qalmı dini-mənəvi abidələrin yenidən qurulması, bərpası, şəhər və kəndlərə yeni həyat verilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı, misilsiz quruculuq işləri barədə məlumat verib.
QMİ sədri A. Paşazadə bu yaxınlarda baş tutmuş Vatikan səfəri barədə xanım A.Karama məlumat verərək Papa Fransisk həzrətləri ilə məhsuldar görüşü, Azərbaycan-Vatikan dövlətlərarası münasibətlərinin və dinlərarası dialoq müstəvisində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu və yaxın gələcəkdə birgə forumların keçirilməsi niyyətlərini ifadə edib.

Daha sonra dünyada son dövrlər baş verən qlobal əhəmiyyətli hadisələr, xüsusən, Ukraynadakı vəziyyət, bu münaqişənin sülh yolu ilə həlli perspektivləri, bu işdə din xadimlərinin potensialından istifadə, habelə dinlərarası əməkdaşlıq və dialoq sahəsində mühüm istiqamət və səylər barədə geniş fikir mübadiləsi aparılıb.

Şeyxülislam A.Paşazadə “Dinlər sülh uğrunda” təşkilatının rəhbəri xanım Azza Karamı Azərbaycana səfər etməyə dəvət edib. Dəvət məmnunluqla qəbul edilib.