Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərinə ekspedisiyalar təşkil edilib
    • 12-03-2019, 11:45
    • 813

Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərinə ekspedisiyalar təşkil edilib

"Bu ilin mart ayının 6-dan 18-dək ölkədə çaylarımızı qidalandıran qar ehtiyatlarını qiymətləndirmək üçün Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərinə ekspedisiyalar təşkil edilib".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, bu tədqiqat işləri Daşkəsən-Gədəbəy, Quba-Qusar, Şəki-İsmayıllı, Şəki-Zaqatala  istiqamətlərində 23 marşrut üzrə aparılır. Qar ölçmə işlərini Milli Hidrometeorologiya Departamentinin 15 nəfər mütəxəssisindən ibarət olan 4 qrup həyata keçirir.  Ümumi qar həcminin təyin ediməsi üçün  tədqiqatlar zamanı  dayanıqlı qar xəttinin yerləşmə hündürlüyü, qar layının sıxlığı və onun tutduğu sahə  müəyyən edilir.

Qar suları yaz-yay gursululuq dövründə respublikanın əksər çaylarının həm səth,  həm də yeraltı qida mənbələrini formalaşdırır.  Buna görə aprel-iyun ayları  ərzində respublikanın Şəmkir, Mingəçevir, Araz və s. su anbarlarında  gözlənilən sululuğa uyğun tənzimləmə işlərinin aparılması üçün gursululuq axımı proqnozu tərtib edilir.  Bu növ proqnozlar müvafiq təşkilatlar tərəfindən sudan istifadənin düzgün planlaşdırılması məqsədi ilə digər çaylar üçün də tərtib edilir.

Respublikanın kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan torpaqlarda yetişdiyindən suvarmada istifadə  olunacaq  su mənbələrinin və onlarda gözlənilən su ehtiyatlarının  əvvəlcədən müəyyən edilməsi vacibdir.

Son onilliklərdə baş verən iqlim dəyişmələri fonunda yağıntıların azalması və temperaturun artması nəticəsində ölkədə su ehtiyyatları 10-15 faiz azalıb. Bu prosesin müxtəlif iqlim ssenarilərinə əsasən gələcəkdə də davam etməsini nəzərə alaraq, təbii sərvətimiz olan  sudan səmərəli istifadə olmasına nail olmalıyıq. Bu yanaşma müxtəlif sektorlar, o cümlədən əhali tərəfindən sudan istifadə zamanı  əsas tutulmalıdır.

Qeyd edək ki, 2016-cı ildə ölkə Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə  istehsalçıların suvarma suyu ilə təminatının yaxşılaşdırılması məsələsi də daxil olduğundan  çaylarda vegetasiya dövründə gözlənilən axımı daha da dəqiq  proqnozlaşdırmaq üçün bu il qarölçmə işləri daha geniş formada aparılır.