İƏT nümayəndə heyətinin işğaldan azad olunan Füzuli rayonuna səfəri başlayıb
    • 3-09-2023, 13:17
    • 181

İƏT nümayəndə heyətinin işğaldan azad olunan Füzuli rayonuna səfəri başlayıb

İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində əvvəlcə Füzuli rayonuna gəliblər. Onlar Füzulidə dağıdılmış dini obyektlərin və qəbiristanlıqların monitorinqini aparacaq, Azərbaycan dövləti tərəfindən həyata keçirilən yenidənqurma işləri ilə tanış olacaqlar.

Nümayəndə heyətinin Qaraxanbəyli və Merdinli məzarlıqları, Merdinli məscidi, Füzuli şəhərinin tarixi mərkəzinin dağıntıları və yeni yaşayış məhəlləsi ilə tanış olması, Ermənistanın işğalı nəticəsində zərər çəkmiş şəxslərlə görüş keçirilməsi nəzərdə tutulur.