Azərbaycan Cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq
    • 4-09-2023, 22:54
    • 298

Azərbaycan Cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq

Azərbaycan Cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasından (ACF) News24.az-a bildirilib ki, bu məqsədlə gənc cüdoçular Avropa çempionatına yola düşüblər.

Bildirilib ki, Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının 7-10 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatına hazırlıqları başa çatıb.

Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəcəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.

Xatırladaq ki, gənc oğlanlardan və qızlardan ibarət milli yığma Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 7 beynəlxalq yarışda iştirak edib. Həmçinin cari il ərzində Xorvatiyada, İspaniyada, Litvada, Fransada, Yaponiyada, Avstriyada, Almaniyada, Polşada, Sloveniyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

Avropa çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

İdmançılar 7-9 sentyabr tarixlərində çempionatın fərdi yarışlarında, 10 sentyabrda isə komanda yarışlarında iştirak edəcək.